×
A
A
A
Sazlamalar

İsveç Krallığı özünün 500 illiyini qeyd edir

Stokholm, 6 iyun, AZƏRTAC

İsveç Krallığı özünün 500 illiyini qeyd edir.
AZƏRTAC xəbər verir ki, hər il iyunun 6-da öz gözəl mənzərəsi, inkişaf etmiş sosial sistemi və maraqlı tarixi ilə tanınan Şimali Avropanın bu krallığı dərin tarixi köklərə malik olan milli bayramını – Milli Birlik Gününü qeyd edir.
Bu il Krallıq, eyni zamanda, özünün 500 illik yubileyini də qeyd edir. İsveç uzun əsrlər boyu siyasi dəyişikliklər və münaqişələrlə dolu müxtəlif mərhələlərdən keçib. Lakin 1523-cü ildə İsveç taxt-tacının Qustav I Vasaya keçməsi bu ölkənin tarixində əsl dönüş məqamı olub. Krallıq İsveç milli dövlətinin təşəkkülünə gətirib çıxaran yeni eraya qədəm qoyub. Bu hadisə müasir İsveç dövlətinin təşəkkülünün və monarxiya sisteminin qurulmasının başlanğıcı hesab olunur. Belə ki, həmin dövrdə danimarkalı monarxların hakimiyyəti -Kalmar Uniyası sona çatıb.
1809-cu il iyunun 6-da İsveç üçün əlamətdar hadisə baş verib. Həmin gün mütləq monarxiya dövrünün sonunu elan edən və konstitusiyalı idarəetmə sisteminə keçidi bildirən taxt-tacın varisliyinə dair akt imzalanıb. Bu, İsveçdə demokratiyanın inkişafı və vətəndaşların hüquqlarının möhkəmlənməsi istiqamətində mühüm addım olub.
İsveçin milli bayramı rəsmi olaraq yalnız 2005-ci ildə elan olunub. Ölkə hökuməti və parlamenti millətin birliyi və onun demokratik dəyərlərinin əlaməti olaraq, iyunun 5-nin Milli Birlik Günü elan edilməsi barədə qərar qəbul ediblər.
Bu gün İsveç Krallığının milli bayramı bu ölkənin vətəndaşları üçün dərin məna kəsb edir. Onlar bu əlamətdar günü böyük həvəslə qeyd edirlər. Ölkənin bütün bölgələrində müxtəlif bayram tədbirləri, gəzintilər, o cümlədən paradlar, konsertlər, idman yarışları və festivallar təşkil olunur. Bütün ölkə üzrə dövlət binalarında və evlərdə İsveç bayrağı dalğalanır.
İsveçin kral ailəsi ölkənin müstəqilliyinin 500 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edib. Kral XVI Qustav və kraliça Silviya paytaxt Stokholmun 60 kilometr qərbində yerləşən və 1523-cü ildə Qustav Vasanın kral elan edildiyi Stanqnas şəhərinə səfər ediblər. Hökumət üzvləri də müxtəlif tədbirlərə qatılıblar.

 
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Dünya 2023-06-06 20:59:00