×
A
A
A
Sazlamalar

Goranboyda iki marketdə saxta alkoqollu içkilər aşkar edilib

Bakı, 6 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan müraciət əsasında Goranboy rayonunun Qaradağlı kəndində fiziki şəxs Məmmədov Elşən Rəşid oğluna məxsus “Raul” marketdə və Qasımov Zahir Məsim oğluna məxsus “Mərkəz” marketdə yoxlama aparılıb.
Yoxlama zamanı hər iki ictimai iaşə müəssisəsində aşkar saxtalaşdırma əlamətləri olan “Organic Line” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.
Araşdırma zamanı məhsulların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib. Alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi və butulkaların daxilinə vizual baxış zamanı kənar hissəciklərin olduğu, üzərində istehsal tarixlərinin göstərilmədiyi və ya bir hissəsinin pozulduğu, eyni zamanda məhsulların müşayiətedici sənədlərsiz qəbul olunduğu aşkarlanıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb, sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Sosial 2023-06-06 11:46:00