×
A
A
A
Sazlamalar

Bakıda keçirilən dünya çempionatında 24 ölkədən taekvondoçular mükafatçılar sırasında yer alıblar

Bakı, 5 iyun, AZƏRTAC

Bakıda keçirilən dünya çempionatında doqquz ölkənin taekvondoçuları 15 qızıl medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, ümumilikdə, 24 ölkə çempionatdan medallarla ayrılıb.
Kişilərin medal sıralamasında Koreya, qadınların mübarizəsində isə Türkiyə birinci olub. Medal qazanan 64 idmançıdan 10-u ilk dəfə dünya çempionları sırasında yer alıb. Daha 31 idmançı dünya çempionatında ilk medallarına sahib olub. İdmançıların arasında əksər taekvondoçuların yaşının 24-dən aşağı olması gələcək illərdə idmanın bu növündə gənclərin sayının artacağının göstəricisidir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib.
Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunub. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.

 

İdman 2023-06-05 18:18:00