×
A
A
A
Sazlamalar

Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi münasibətilə silsilə tədbirlər hazırlanıb

 

Bakı, 5 iyun, AZƏRTAC

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, şair, tərcüməçi Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi tamam olur. Mikayıl Müşfiq şəxsiyyəti və yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən elektron baza, videomaterial, həmçinin virtual kitab sərgisi hazırlanıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron bazada görkəmli ədibin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib. Burada “Müşfiq və türk ədəbiyyatı”, “Müşfiq və aşıq yaradıcılığı”, “Müşfiqin tərcümələri”, “Sözləri Mikayıl Müşfiqindir” bölmələri yer alıb, müxtəlif illərdə çap edilən kitablarının biblioqrafik təsviri öz əksini tapıb. Məlumat bazasında “Müşfiq xatirələrdə”, “Fotoqalereya”, “Videoqalereya” bölmələri ilə yanaşı, “Müşfiq haqqında deyilənlər”, “Müşfiqə həsr olunmuş şeirlər” də təqdim edilib.
Mikayıl Müşfiqin anadan olmasının 115 illiyi ilə əlaqədar hazırlanan videomaterialda şairin həyat və yaradıcılığı haqqında məlumatlar təqdim olunub. Materialda, həmçinin Müşfiqin tərcümələri haqqında məlumat verilib, sözlərinə yazılmış mahnılar da təqdim edilib.
“Könüllərdə əbədi tarix quran şair - Mikayıl Müşfiq” haqqında hazırlanan virtual sərgidə ədibin həyat və yaradıcılığının əsas tarixləri, “Əbədiyyət nəğməsi”, “Seçilmiş əsərləri”, “Könlümü al, oxu!” kimi kitablarının və haqqında yazılan “Müşfiqli günlər”, “Mədəni irs və Müşfiq novatorluğu”, “Müşfiqin sənət aləmi” kimi kitabların, eləcə də “Sevgimizdə Müşfiq ruhu”, “Ah, bu uzun sevda yolu”, “Müşfiqli dünyanın təntənəsi”, “Ölüm adasında son nəfəs” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.

 

Mədəniyyət 2023-06-05 14:35:00