×
A
A
A
Sazlamalar

Seneqalda ixtişaşlar zamanı azı 360 nəfər yaralanıb

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 1-dən etibarən Seneqalda davam edən ixtişaşlar zamanı ən azı 360 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BBC media qrupu Qırmızı Xaç Cəmiyyətinin Seneqal bölməsinə istinadla məlumat yayıb.
İğtişaşlar həmin gün məhkəmə tərəfindən iki il azadlıqdan məhrum edilən müxalifət lideri Osman Sonkonun tərəfdarlarını etiraz aksiyalarına çağırmasından sonra başlayıb. Ən kütləvi etirazların qeydə alındığı paytaxt Dakarda və ölkənin cənubunda 16 nəfərin həlak olduğu bildirilir. Təhlükəsizlik qüvvələri iğtişaşların 500-ə yaxın iştirakçısını saxlayıb.
Seneqalın daxili işlər naziri Antuan Feliks Abdullay Diomun sözlərinə görə, iyunun 3-dən etibarən ölkədə vəziyyət nisbətən sabitləşməyə başlayıb. Lakin hərbçilər Dakar küçələrində patrul həyata keçirməyə davam edir. Həmçinin paytaxtın mərkəzindəki strateji nöqtələrə tanklar yerləşdirilib və ordu blokpostları quraşdırılıb. Ölkə ərazisində internet məhdudlaşdırılıb, mobil qurğulardan sosial şəbəkələrə giriş bloklanıb.

Dünya 2023-06-05 14:14:00