×
A
A
A
Sazlamalar

Efiopiyada Azərbaycanın Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub

Bakı, 2 iyun, AZƏRTAC

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində 28 May - Müstəqillik Gününün 105-ci ildönümü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş rəsmi qəbul keçirilib.
Qəbulda Efiopiyanın Xarici İşlər Nazirliyinin Amerika və Avropa İşləri üzrə baş direktoru, səfir Zenebe Kebede, deputatlar, bəzi dövlət qurumlarının rəhbərləri, Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Almaniya, Hindistan, Pakistan, Qazaxıstan, İtaliya, Çili, Kuba, Çexiya, Polşa, Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Afrika ölkələrinin səfirləri, diplomatik korpusun nümayəndələri, Afrika İttifaqı Komissiyasının aparat rəhbərinin müavini, Azərbaycanın institut və universitetlərinin efiopiyalı məzunları, işgüzar dairələrin, media və QHT-lərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş fotosərgi təşkil olunub.
Qəbul Azərbaycan və Efiopiyanın Dövlət himnləri, həmçinin Afrika İttifaqının himninin səslənməsi ilə başlayıb.
Tədbirin açılışında səfir Zenebe Kebede və Azərbaycanın Efiopiyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov çıxış ediblər.
Səfir Z.Kebede Efiopiya Hökuməti adından Müstəqillik Günü münasibətilə Azərbaycan Hökuməti və xalqına sülh və firavanlıq diləyərək, Efiopiyanın Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrin möhkəmlənməsindən, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının emalı və istehsalı və digər sahələrdə investisiyaların yatırılması və ticarətin genişləndirilməsi ilə bağlı böyük potensialın olduğunu, bunun üçün hər iki ölkənin hökumətləri tərəfindən sahibkarlıq birlikləri arasında əlaqələrin təşviq edilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
R.Nəsibov çıxışında 105 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, müsəlman Şərqində ilk parlamentli respublika olmasından, hələ 1918-ci ildə qadınlara səsvermə hüququ verməsindən bəhs edərək, demokratik islahatların aparılmasında və respublika dəyərlərinin inkişaf etdirilməsində həyata keçirdiyi qabaqcıl təşəbbüslərdən danışıb.
O, Azərbaycanın müstəqilliyini bərpa etdiyi illərdə üzləşdiyi ağır problemlərdən, torpaqlarımızın 20 faizinin işğal olunmasından, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsindən də söz açıb. Bildirib ki, həmin dövrdə Azərbaycan xalqının çağırışı ilə Heydər Əliyevin rəhbərliyə qayıtması ölkəmizi yox olmaq təhlükəsindən qurtarıb, respublikamız inkişaf yoluna qədəm qoyub. Ruslan Nəsibov Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirib, Ümummilli Lider tərəfindən əsası qoyulan layihələrin nəticələrindən danışıb.
Həmçinin Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanıb.
Qəbulda Azərbaycanla Efiopiyanın milli günlərinin üst-üstə düşməsinin əlamətdar tarixi bir təsadüf olduğu qeyd edilib və bu münasibətlə təbriklər səsləndirilib.
Tədbirdə ölkəmiz haqqında videoçarxlar, o cümlədən Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, xarici siyasi fəaliyyəti, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına Beynəlxalq Aeroport, Şuşa şəhəri, tarixi-mədəni abidələr, turizm məkanları haqqında videoçarxlar nümayiş olunub.
Azərbaycanın klassik və xalq musiqisi səsləndirilib.
Tədbirin ikinci hissəsində qonaqlar qarşısında Efiopiyada, eləcə də Afrika Buynuzu regionunda tanınmış “Fendika Mədəniyyət Mərkəzi”nin caz qrupu müxtəlif ifalar, o cümlədən rəqslər təqdim edib.
Qəbul Efiopiya mətbuatında geniş işıqlandırılıb.

Siyasət 2023-06-02 22:15:00