×
A
A
A
Sazlamalar

Avropa dövlətləri Azərbaycanın regionda necə bir mövqeyə sahib olduğunu yaxşı bilirlər - Politoloq

Bakı, 2 iyun, AZƏRTAC

İkinci Qarabağ müharibəsindən Qələbə ilə çıxması, postmüharibə dövründə hərbi-siyasi, iqtisadi gücünü bir qədər də artırması, geosiyasi mövqelərini möhkəmləndirməsi regional və beynəlxalq aktorların Azərbaycana olan münasibətinin dəyişməsinə səbəb olub. Xüsusilə də buna Rusiya-Ukrayna müharibəsindən irəli gələn geosiyasi mənzərə, enerji təhlükəsizliyinin alternativ mənbələr hesabına təminatı zərurəti və Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsi də öz təsirini göstərib. Etiraf etmək lazımdır ki, illərdir Azərbaycanın etibarlı bir tərəfdaş və regionda böyük söz sahibi olması da öz rolunu oynayır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov söyləyib.
"Avropa dövlətləri Azərbaycanın hansı imkanlara və regionda necə bir mövqeyə sahib olduğunu çox yaxşı bilirlər. Məhz bu baxımdan onlar Azərbaycanla hər cür vasitələrlə münasibətləri daha da yaxşılaşdırmağa və inkişaf etdirməyə çalışırlar. Baxmayaraq ki, xristian maraqları, erməni təəssübkeşliyi bir çox hallarda Avropa dövlətlərini ikili münasibətlərdən çıxış etməyə təhrik edir. Lakin onlar neytral olduqlarını müxtəlif vasitələrlə sübuta yetirməyə cəhd edirlər. Belə ki, postmüharibə dövründə tərəflər arasında sülhün əldə edilməsində, regionda təhlükəsizliyin təmin olunmasında göstərdikləri təşəbbüslər, təşkil etdikləri üçtərəfli görüşlər, Azərbaycan rəhbərinin vaxtaşırı Avropa İttifaqının ən yüksək Zirvə toplantılarına dəvət olunması bunun bariz nümunəsidir. Ötən il olduğu kimi, bu il də iyunun 1-də “Avropa siyasi birliyi”nin İkinci Zirvə toplantısına Azərbaycan Prezidentinin dəvət olunması və təhlükəsizlik məsələsi çərçivəsində Avropa liderləri ilə görüşlər keçirməsi olduqca əhəmiyyətlidir. Avropa dövlətlərinin ölkəmizə olan maraqlarına qarşılıq olaraq Azərbaycan da Qərbə inteqrasiyanın vacibliyini çox yaxşı anlayır və bu istiqamətdə qarşılıqlı addımlar atmağı zəruri hesab edir", - deyə R.Hüseynov vurğulayıb.
O qeyd edib ki, bu gün Qərb dünyada istehsal olunan məhsulların həcmi, elm və texnologiyaların inkişafı, vətəndaşların yaşayış indeksi baxımından ən yaxşı regionlardan biridir. Başqa sözlə, demokratik dövlət quruculuğu, insan azadlıqlarının qorunması, hüquqi cəmiyyətin bərqərar olması üçün ən yaxşı nümunə qərb dövlətləridir. Deməli, idarəetmədə, iqtisadiyyatda müasir düşüncənin tətbiq olunması, dövlətin gələcək iqtisadi perspektivlərinin həlli üçün Qərb dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi ölkənin iqtisadi, siyasi-hərbi gücünün daha da artması baxımdan arzuolunandır. Amma ölkənin milli maraqlarının, mənafelərinin önə çəkilməsi, dövlətlərin suveren hüquqları və ərazi bütövlüyü prinsiplərinə, qarşılıqlı maraqlara hörmətlə yanaşılması əsas hesab edilir.

Siyasət 2023-06-02 14:08:00