×
A
A
A
Sazlamalar

Ulu Öndərin 100 illik yubileyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 1 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində məktəblilər arasında keçirilən “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda təşkil edilən tədbirdə müsabiqədə qalib gələn şagirdlərin əsərlərindən ibarət sərgi açılıb.
Mərasimdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Agentlik yanında İctimai Şuranın üzvləri, “Məktəblinin dostları” və müsabiqənin qalibi olan şagirdlər iştirak ediblər.
Sərgiyə baxış keçiriləndən sonra qeyd edilib ki, Agentlik tərəfindən əhalinin qida təhlükəsizliyi sahəsində maarifləndirilməsi sahəsində mütəmadi olaraq layihələr həyata keçirilir. Məktəblilər arasında təşkil olunan tədbirlər xüsusi əhəmiyyət kəsb edir. “Məktəblinin dostu”nun dəstəyi ilə V-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsi də məktəblilərin qida təhlükəsizliyi ilə bağlı təxəyyül və biliklərinin çəkdikləri rəsmlər vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etmək, həmçinin onların təhlükəsiz və sağlam qida anlayışlarına dair təsəvvürlərini formalaşdırmaq məqsədi daşıyıb.
Tədbir zamanı müsabiqəyə təqdim edilən 757 rəsmin içərisindən seçilmiş 30 ən yaxşı əsərin müəllifi mükafatlandırılıb. Qaliblərdən birinci yerə layiq görülən 3, ikinci yeri tutan 5, üçüncü yeri tutan 10 məktəbliyə və həvəsləndirici yerlərə layiq görülən digər şagirdlərə Agentlik tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

 

Sosial 2023-06-01 21:12:00