Ağcabədili uşaqlar üçün əyləncə dolu bir gün
Ağcabədi, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Uşaq İncəsənət Məktəbinin xor kollektivinin ifasında Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqları salamlayaraq, bayram münasibətilə təbrik edib, onlara şən, qayğısız, xoşbəxt həyat arzulayıblar. Ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.
Tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəblərinin hazırladıqları bayram ab-havalı konsert proqramı ilə davam edib. Oxunan nəğmələr, təqdim olunan rəqs nömrələri və digər əyləncələr tədbirə xüsusi rəng qatıb, balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Tədbirin sonunda açıq havada piknik təşkil edilib.
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Naxçıvanda hərrac yolu ilə bələdiyyələrin hesabına daxilolmalar artıb
Ağdamda pendir istehsalı müəssisəsinin fəaliyyətində nöqsanlar aşkarlanıb