×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Bakı, 1 iyun, AZƏRTAC

İyunun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşüb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimizin birgə iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi strateji layihələrin regionun iqtisadi inkişafını gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi qeyd edilib. Ötən ilin dekabrında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əməkdaşlıq üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.

Söhbət zamanı SOCAR-ın Gürcüstandakı çoxşaxəli fəaliyyətindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Neft - qaz 2023-06-01 17:52:55