×
A
A
A
Sazlamalar

Böhran vəziyyətində həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mexanizm hazırlanır

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının 2.2.1-ci bəndinin (“Aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinə əlavə imkanların yaradılması”) icrası məqsədilə hər hansı böhran vəziyyətində (iqtisadi böhran, pandemiya, sel, daşqınlar və s.) aztəminatlı ailələrin və həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə mexanizmin hazırlanması prosesi aparılır.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar beynəlxalq ekspert və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən növbəti görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib.
Bildirilib ki, qeyd edilən mexanizmin yaradılması prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında “Sosial Müdafiə və Uşaq müdafiəsi üzrə Birgə Fəaliyyət Planı”na əsasən UNICEF tərəfindən dəvət olunan sahə üzrə ekspert Şarlin Ramkisunun iştirakı ilə ötən ilin oktyabr ayında aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə görüşlər keçirilib.
Görüşlərin nəticəsi olaraq ilkin hesabat sənədi hazırlanaraq aidiyyəti qurumlara göndərildiyi qeyd olunub.
Növbəti görüşdə həmin mexanizmin hazırlanması istiqamətində atılacaq növbəti addımlara dair aidiyyəti qurumlarla birgə müzakirələr aparılıb.

 

Sosial 2023-06-01 17:45:00