×
A
A
A
Sazlamalar

Bu il “Şahdəniz” yatağından hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır

Bakı, 1 iyun, AZƏRTAC

Bu il “Şahdəniz” yatağından hasilatın ən yüksək sabit səviyyəyə çatdırılması planlaşdırılır. Bu mərhələdə yataq ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək. Bununla da regional və Avropa bazarları üçün enerji təchizatının təhlükəsizliyinə və diversifikasiyasına əlavə töhfə veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz Bakı Enerji Forumunda deyib.
O bildirib ki, hazırda “Şahdəniz” yatağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur və hasilatın tədricən artırılması hələ davam edir: “Şahdəniz” layihəsi demək olar ki, 100 faizə çatan fenomenal əməliyyat səmərəliliyi nümayiş etdirir. Eyni zamanda, biz yeni qaz mənbələri axtarırıq. Bu ilin əvvəllərində “Şahdəniz”də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılmasına başlamışıq. Qeyd edim ki, quyuda qazma işləri aparan qurğu bu il 100 illik yubileyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. Heydər Əliyev ölkənin enerji strategiyasının reallığa çevrilməsində əvəzedilməz rol oynayıb. BP şirkəti olaraq biz bu nəhəng şəxsiyyəti dərin hörmət və minnətdarlıqla anırıq”.
O, həmçinin “Azəri-Çıraq-Günəşli”də dərin qaz laylarını qiymətləndirmək məqsədilə qazılan bir yeni quyunu yekunlaşdırmaq üzrə olduqlarını qeyd edib.

Neft - qaz 2023-06-01 16:28:00