×
A
A
A
Sazlamalar

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

Bakı, 1 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində “Dövlət sosial xidmətlərinin “bir pəncərə”dən təqdim edilməsinə dair maarifləndirmə və elektronlaşdırılması nəzərdə tutulan digər sosial xidmətlər” mövzusunda ictimai dinləmə və müzakirə keçirilib.
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təşkil olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, mütəxəssis və ekspertlər iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbir iştirakçılarına DOST mərkəzlərinin fəaliyyəti barədə məlumat verib. DOST konsepsiyasının ölkəmizdə dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaratdığı vurğulanıb.
Qeyd olunub ki, indiyədək 1 milyon 560 mindən çox vətəndaş DOST xidmətlərindən yararlanıb və həmin xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,5 faizdir.
DOST Agentliyinin bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi bildirilib. DOST təcrübəsinin digər ölkələrdə tətbiqinin beynəlxalq qurumlar tərəfindən təşviq olunduğu və bir sıra ölkələrin bu təcrübəni tətbiq etməyə maraq göstərdiyi diqqətə çatdırılıb.
Daha sonra mövzuya dair müzakirələr aparılıb, tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib.

Sosial 2023-06-01 13:55:00