×
A
A
A
Sazlamalar

Oleq Əmirbəyov: Mədəniyyətlərarası dialoq Azərbaycanın inkişafına mühüm töhfə verir

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman mövcud olub və indi də inkişaf edir. Mədəniyyətlərarası dialoq ölkənin inkişafına mühüm töhfə verir. Azsaylı xalqların mədəniyyətinin inkişafına ölkəmizdə hər zaman diqqət və qayğı göstərilib.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov iyunun 1-də Bakıda Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və Azərbaycan multikulturalizminin banisidir” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Mədəniyyətlərarası dialoqun multikulturalizmə müsbət təsirindən danışan müşavir Azərbaycanda yaşayan azsaylı xalqların ümumi prosesdən kənarda qalmadıqlarını, etnik azlıqlara məxsus abidələr, kilsələr və sinaqoqların dövlət səviyyəsində qorunduğunu diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan doğma diyar” devizi altında keçirilən tədbirlər ölkəmizin multikulturalizm ənənələrinə sadiq olduğunu göstərir.
Tolerantlıq və multikulturalizm ənənələrinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Oleq Əmirbəyov bu ənənələrin hazırda uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, tolerantlıq və multikulturalizm Azərbaycanı beynəlxalq aləmdə dünya mədəniyyətlərini qovuşduran məkan kimi tanıdır.

Siyasət 2023-06-01 13:36:00