×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi Agentliyinin sədri Xaçmazda vətəndaşlarla görüşəcək

Bakı, 1 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2023-cü ilin iyun ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 23-ü saat 11:00-da Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, vətəndaşlar agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 22-dək qəbula yazıla bilərlər.
Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.

Sosial 2023-06-01 12:09:00