×
A
A
A
Sazlamalar

“Tullantılar haqqında” Qanunun tələblərini pozan nəqliyyat vasitələrinin satıcıları cərimə olunacaqlar

Bakı, 1 iyun, AZƏRTAC
Nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, bu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə görə, “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə tətbiq olunacaq.
Eyni zamanda, utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora “Tullantılar haqqında” Qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.
Qanun layihəsi qəbul olunacağı təqdirdə 2024-cü ilin 1 sentyabr tarixindən qüvvəyə minəcək.

Cəmiyyət 2023-06-01 11:40:00