×
A
A
A
Sazlamalar

“Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Bakı, 31 may, AZƏRTAC

May 31-də “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İctimai Birliyinin sədri Sevinc Abdullayeva uşaqların, xüsusilə də Daun sindromluların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib: “Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara məhəbbəti bu sahəyə diqqətin daha da artmasına səbəb olub. “Qayğı - Sağlam Nəsil Naminə” İctimai Birliyi və onun strukturuna daxil olan “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” və “Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılması, yeni avadanlıqlarla təmin olunması sağlamlıq imkanları olan uşaqlara diqqətin bariz nümunəsidir. Birliyin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.
“Qayğı” Uşaq Reabilitasiya Mərkəzi uşaq serebral iflicindən əziyyət çəkən 3-7 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Mərkəzdə təlim-tərbiyə işləri ilə yanaşı, reabilitasiya tədbirləri də həyata keçirilir. “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi”ndə isə uşaqlar və yeniyetmələrlə reabilitasiya işi aparılır, ünsiyyət, özünəxidmət və sadə əmək vərdişləri formalaşdırılır, onların cəmiyyətə inteqrasiyası təmin edilir”.
Tanınmış dövlət və ictimai xadim Elmira Süleymanova isə çıxışında uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericilik və normativ-hüquqi aktların mütəmadi olaraq təkmilləşdirildiyini, həmin istiqamətdə bir çox dövlət proqramları və tədbirlər planlarının qəbul edildiyini deyib: “Daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, onların bacarıqlarının, vərdişlərinin inkişaf etdirilməsi bizim üçün çox vacibdir. Həmin qəbildən olan uşaqların qabiliyyətlərinin üzə çıxarılması, əmək vərdişlərinin formalaşdırılması üçün görülən işlər bəhrəsini verməkdədir. Reabilitasiyadan keçən uşaqlarda olan müsbət dəyişikliklər hər birimizi sevindirir”.
Ardınca “Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi” və “Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin üzvlərinin çıxışlarına yer verilib. Həmçinin uşaqlar üçün şən klounların iştirakı ilə əyləncəli oyunlar keçirilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Sosial 2023-05-31 16:24:00