×
A
A
A
Sazlamalar

Taxtakörpü su anbarında suyun həcmi artıb

Şabran, 30 may, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizdə mühüm hidrotexniki qurğulardan sayılan Taxtakörpü su anbarında son üç ay ərzində suyun həcmi artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ilin fevral ayında anbarda suyun səviyyəsi maksimum göstəricidən 46 metr aşağı düşmüşdü. Görülən tədbirlər nəticəsində son üç ayda anbarda suyun səviyyəsi 12 metr yüksəlib. Ümumi su tutumu 268,4 milyon kubmetr olan anbarda hazırda 100 milyon kubmetrə yaxın su toplanıb.
Anbarda suyun səviyyəsinin aşağı düşməsi son illər xüsusilə yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalması ilə əlaqədardır.Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb. Bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə edilən suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub.
Respublikamızda içməli su probleminin aradan qaldırılması istiqamətində xüsusi əhəmiyyəti ilə fərqlənən “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində inşa edilən Taxtakörpü Su Anbarının Su Elektrik Stansiyası ilə birgə Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malikdir.
Bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılmış layihələrdən müasirliyi və mükəmməlliyi ilə fərqlənir. Bəndin uzunluğu 1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Su anbarından Taxtakörpü-Ceyranbatan kanalına saniyədə 40 kubmetr su axıdılır, burada quraşdırılan üç turbin vasitəsilə 25 mVt elektrik enerjisi istehsal edilir. Ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhəri, Abşeron yarımadası, xüsusən də Bakıətrafı kənd və qəsəbələrə saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaranıb. Beləliklə, əhalinin içməli suya, eləcə də suvarma və texniki suya olan tələbatı tam yaxşılaşıb. Suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət edilir.

Regionlar 2023-05-30 15:11:00