×
A
A
A
Sazlamalar

Qətərin “Al-Arabi” telekanalının “Sabahın xeyir” proqramında Azərbaycanın Müstəqillik Günü barədə məlumat verilib VİDEO

Bakı, 29 may, AZƏRTAC

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə ölkəmizin Qətərdəki səfiri Mahir Əliyev bu ölkənin ərəb dilli “Al-Arabi” telekanalının “Sabahın xeyir” proqramının qonağı olub.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, birbaşa yayımlanan müsahibədə M.Əliyev müstəqilliyimizin tarixi, Azərbaycanın Şərqdə demokratik respublika, opera, balet, teatr yaratmış ilk müsəlman ölkəsi olduğunu qeyd edib. Həmçinin müxtəlif azsaylı xalqların yaşadığı Azərbaycanın mədəni və bəşəri irslə zəngin sivil və tolerant ölkə olduğu vurğulanıb.
Müsahibədə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrdən söz açılıb, Azərbaycan ilə Qətər arasında diplomatik münasibətlərin 1994-cü ildə qurulduğu və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımların atıldığı, Bakı ilə Dohanın strateji əlaqələri gücləndirməyə çalışdığı diqqətə çatdırılıb. Bundan başqa, Qətərdə yaşayan Azərbaycan icması, onun Qətər xalqı və digər icmaların üzvləri ilə mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verdiyi də qeyd olunub.
“Sabahın xeyir” verilişində 28 May - Müstəqillik Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Qətərdə səfərdə olan Azərbaycanın “Cəngi” estrada ansamblının kollektivinin ifasında milli rəqslər təqdim olunub.
Verilişin aparıcıları Azərbaycan xalqını və Qətərdəki Azərbaycan icmasını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizə çiçəklənmə və tərəqqi arzulayıblar.
Həmçinin veriliş müddətində Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı və uğurlarından bəhs edən, Bakının görməli yerlərini, ölkəmizin füsunkar təbiətini əks etdirən videoçarx və fotolar təqdim olunub.

Mədəniyyət 2023-05-29 21:41:00

Video