×
A
A
A
Sazlamalar

İşğaldan azad edilmiş ərazilərin bərpasında dünya təcrübəsinin strateji aspektləri

Bakı, 27 may, Ramiz Quliyev, AZƏRTAC

Dünya tarixinə nəzər salsaq, hər bir müharibənin sonunun olduğunu görərik və bu baxımdan müharibədən sonrakı dövrün problemləri aktuallığı ilə diqqət çəkir. Belə ki, müharibələr dağıntılara səbəb olur, torpağın səthini belə, deqradasiyaya uğradır, millətlərin, xalqların, dövlətlərin inkişafına mənfi təsir göstərir.
AZƏRTAC UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Şəfa Əliyevin məqaləsini təqdim edir.
2020-ci il sentyabrın 27-dən başlayaraq, 44 gün ərzində Azərbaycan Ordusu tarix yazdı və müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bir-birinin ardınca düşmənin 30 ilə yaxın tapdaq altında saxladığı və tamamilə dağıtdığı şəhər və qəsəbələrimizi, kəndlərimizi düşməndən azad etdi.
Artıq müharibə bitib və Azərbaycan xalqının, ölkəmizin qarşısında daha bir tarixi missiya – işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişaf proseslərinin təmin edilməsi ilə bağlı genişmiqyaslı işlərin görülməsi durur.
Qeyd edək ki, postkonflikt ərazilərin dirçəldilməsi problemləri dünya təcrübəsində də baxılıb və bunlarla bağlı müxtəlif yanaşmalar vardır. İkinci Dünya müharibəsindən sonrakı postmüharibə vəziyyətinə və iqtisadiyyatın bərpası, sosial-iqtisadi inkişafın planlaşdırılması istiqamətində nəzəri-metodoloji və praktiki yanaşmalara diqqəti cəlb etmək istərdik. Bu müharibə bəşəriyyətin ən çox insan itirdiyi müharibə kimi yadda qalıb. Müharibə nəticəsində dağıntıların ümumi dəyəri 260 milyard dollar səviyyəsində qiymətləndirilib, o cümlədən keçmiş SSRİ-nin itkiləri 128 milyard dollar, Almaniya – 48 milyard dollar, Fransa – 21 milyard dollar, Polşa – 20 milyard dollar, İngiltərə - 6,8 milyard dollar və s. təşkil edib.
SSRİ-nin 1710 şəhər və şəhər tipli qəsəbələri, 70 min kənd, 32 min sənaye müəssisəsi, 6 min xəstəxana, 82 min məktəb və s. dağıdılıb. Bu qeyd olunan dağıntıların bərpası və sosial-iqtisadi inkişafının təmin edilməsi üçün bir sıra metodlardan və modellərdən istifadə olunub, amma əsas diqqət çəkənlər 4 illik və 5 illik planlar kimi yadda qalıb.
Həcminə və səmərəliliyinə görə daha çox cəlbedici görünən və ABŞ-ın dövlət katibi Corc Marşall tərəfindən Harvard Universitetində 1947-ci ildə səsləndirilən və Avropanın dirçəldilməsi üçün nəzərdə tutulan strateji plan (“Marşall planı”) bu günə kimi aktuallığı ilə seçilir. ABŞ-ın Avropaya planlı və qısa müddət ərzində kömək göstərməsi nəticəsində həm Qərbi Avropa dirçəldi və eyni zamanda, ABŞ iqtisadiyyatı gücləndi. 1950-ci ildə Avropa Ödəniş İttifaqı yaradıldı və reabilitasiya, iqtisadi artım üçün resurslardan istifadə etmək asanlaşdı, Almaniya sürətlə böhrandan çıxmağa başladı. 1950-1960-cı illərdə Qərbi Avropa ölkələrinin iqtisadiyyatı bərpa proseslərini sürətləndirə bildi və bu proseslərdə Almaniya “Marşall planı”nda nəzərdə tutulan vəsaitlərin 60 faizini özünün sənayesinin inkişafına cəlb edə bilib. 1950-ci ildə Almaniyada sənaye istehsalı 1936-cı illə nisbətdə 14,4 faiz artıb və sonrakı illərdə sənaye istehsalı hər il 10-15 faiz artıb. Nəticədə Qərbi Alman “iqtisadi möcüzəsi”nin əsası qoyulub.
ABŞ-ın dəstəyi və maliyyə köməyi ilə Almaniyanın sürətlə dirçəldilməsi təmin olunub və bu ölkə Avropa iqtisadi inteqrasiyasının dayaqlarını formalaşdırıb. ABŞ və Avropa müttəfiqliyi bu gün də dünyada onların aparıcı rolunu təmin etməkdədir.
İkinci Dünya müharibəsinin nəticələrindən baxsaq, Yaponiyanın bərpa prosesləri və metodoloji yanaşmaları daha böyük maraq kəsb edir. Külə dönmüş Xirosimanın bərpa edilməsi və dirçəldilməsi buna nümunə ola bilər. Yaponiyanın müxtəlif bölgələrindən və həmçinin xaricdən cəlb olunan resursların və gələn köməyin sayəsində şəhər bərpa olunub. Yapon hökuməti tərəfindən 1949-cu ildə Xirosimanın tikintisinə dair xüsusi qanun qəbul edilib və əsas məqsəd şəhərin görkəmini dəyişmək və onu dünyada dayanıqlı sülh simvoluna çevirmək olub. 1947-ci ildən Yaponiyada bütün istiqamətlər üzrə islahatlar aparılıb və Yaponiyanın dirçəldilməsi proseslərinə başlanılıb.
İraqın Küveyti zəbt etməsindən sonra baş verən fəlakətlər və dağıntılar, İraqın beynəlxalq səviyyədə Küveytə kompensasiya ödəməsi məsələsi də son onilliklərin diqqət çəkən hadisələrindəndir.
1991-ci ildə Küveyt İraqın 7 aylıq işğalından azad olunduqdan sonra ABŞ başda olmaqla dünya ölkələri və beynəlxalq təşkilatları Küveytə dəyən zərərin ödənilməsi üçün dəstək göstəriblər və nəticədə BMT tərəfindən təşkil olunmuş kompensasiya mexanizmləri vasitəsilə İraqın neft ixracından əldə olunan vəsaitlərdən tutulmaqla, Küveytə 50 milyard dollara yaxın təzminat ödənilib.
Bosniya və Herseqovinanın Balkan müharibəsindən sonrakı dövrdə sosial-iqtisadi reabilitasiyasında isə Ümumdünya Bankının xüsusi kreditləşdirmə paketləri əhəmiyyətli rol oynayıb və 20 il nəticəsində ölkə iqtisadiyyatı öz sabitliyini bərpa edərək inkişaf mərhələsinə keçib. Birgə fəaliyyət nəticəsində ölkədə iqtisadi və sosial islahatlar dərinləşdirilib: maliyyə sabitliyi, işgüzar mühit və rəqabətqabiliyyətlilik, əmək bazarı, sosial təminat və pensiya islahatları, qanunun aliliyi və dövlət idarəetməsində islahatlar.
Ümumiyyətlə, postkonflikt situasiyalardan və son 20-30 ildə baş vermiş müharibələrdən, işğalçılıq faktlarından ortaya çıxan və qaynaqlanan problemlər kifayət qədər geniş spektrə malikdir və onların həlli üçün sistemli yanaşmalar tələb olunur.
Qeyd olunan hallar və amillər Azərbaycan üçün də xarakterikdir. Ölkəmiz Ermənistanı diz çökdürərək, Qarabağ Zəfərinə nail olduğundan, postmüharibə vəziyyətində mövcud problemlərin kompleks və sistemli yanaşma yolu ilə dərindən öyrənilməsi, mahiyyətlərinin açıqlanması mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin bu sahədə atdığı addımlar, hazırladığı strategiya və konsepsiyalar, fəaliyyət proqramları göz önündədir.
Artıq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Demək olar ki, işğaldan azad olunmuş ərazilərin konseptual olaraq hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkündür. Strateji hədəflərdən biri kimi “Böyük Qayıdış”ın təmin olunmasıdır və buna görə də yaşayış massivlərinin salınması, məcburi köçkünlərin rahat yaşamaları və doğma yurdlarına qayıtmalarının təmin edilməsi dövlət üçün ciddi önəm kəsb edir.
Postkonflikt ərazilərin bərpa olunmasında və “Böyük Qayıdış”ın təmin edilməsində beynəlxalq təcrübənin obyektiv reallıqlardan baxılması və dəyərləndirilməsi vacibdir. Artıq ölkəmizdə bu istiqamətdə dünya təcrübəsini müasir zaman kəsiyindən keçirməklə və sintez etməklə, milli konseptual baxışlar, dövləti yanaşmalar və fəaliyyət strategiyasının əsas istiqamətləri formalaşmaqdadır.
İşğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi reabilitasiyası və inkişaf etdirilməsi prioritetləri kifayət qədər çoxşaxəlidir və bu istiqamətlərdə daha çox praktiki əhəmiyyət kəsb edən məsələlərə xüsusi diqqət yetirilməlidir. Belə ki, uzun illər ərzində doğma yurdlarından uzaq düşmüş insanların öz əzəli torpaqlarına qayıtmaları məsələləri strateji əhəmiyyət kəsb edir, insanlarla dövlət arasında etimad mühitinin qorunması, vətəndaşların dövlətə inamı nöqteyi-nəzərindən qeyd olunan məsələlərin ardıcıl və sistemli şəkildə həll edilməsi vacibdir.

Maliyyə 2023-05-27 19:02:00