×
A
A
A
Sazlamalar

Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri müəyyənləşib

Masallı, 25 may, İlkin Adıyev, AZƏRTAC

Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bilik yarışmasında məktəblilər “Heydər Əliyev kuboku” uğrunda mübarizə aparıblar.
Yarışların final mərhələsində “Dəfinə” məktəb liseyinin, Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəbinin, Göyəçöl, Sığıncaq, Tüklə, Xırmandalı, Yeyənkənd və Bədəlan kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri biliklərini sınayıblar.
Mükafatlandırma mərasimində çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğunu vurğulayıb, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin, eləcə də gənclərin Ulu Öndər irsinin mənimsənməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Tədbirdə Masallı rayon İncəsənət məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış edib.
Yarışların yekun nəticələrinə əsasən Bədəlan kənd tam orta məktəbinin komandası birinci, Göyəçöl kənd tam orta məktəbinin komandası ikinci, Sığıncaq kənd tam orta məktəbinin komandası üçüncü dərəcəli, Ərkivan qəsəbə 2 nömrəli kənd tam orta məktəbinin komandası isə fərqlənmə diplomlarına layiq görülüblər.
İntellektual bilik yarışının qalibləri təşkilat komitəsi tərəfindən diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Bədəlan məktəbliləri isə “Heydər Əliyev kuboku”na sahib olublar.

Regionlar 2023-05-25 23:15:00