×
A
A
A
Sazlamalar

Səbail rayonunda daha beş küçə şəhidlərin adını daşıyacaq

Bakı, 24 may, AZƏRTAC

Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Paytaxtın Səbail rayonunda şəhidlərin adlarının əbədiləşdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə rayonda beş küçənin adları dəyişdirilərək şəhidlərin adları verilib.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, Bayıl yaşayış massivində yerləşən Buxta küçəsi Nicat Şükürlünün, Badamdar qəsəbəsində yerləşən dörd küçə, o cümlədən Yanardağ küçəsi Bakir Quliyevin, Qədim Qala küçəsi Yusif Budaqovun, Neftçilər küçəsi Cavidan İbrahimlinin, Məktəbli küçəsi Cəmil Məmmədlinin adını daşıyacaq.
Qeyd edək ki, Qarabağ müharibəsi şəhidi Quliyev Bakir Əliqulu oğlu Ulu Öndər Heydər Əliyevin 1994-cü sentyabrın 16-da imzaladığı Sərəncama əsasən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, Vətən müharibəsi şəhidləri Şükürlü Nicat Ayaz oğlu, Budaqov Yusif Ramiq oğlu, İbrahimli Cavidan Nizami oğlu və Məmmədli Cəmil Habil oğlu Prezident İlham Əliyevin 2022-ci il noyabrın 5-də imzaladığı Sərəncama əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Sosial 2023-05-24 10:29:00