×
A
A
A
Sazlamalar

Avropa Komissiyası Ukraynaya 1,5 milyard dollarlıq növbəti tranş ayırıb

Bakı, 23 may, AZƏRTAC
Avropa Komissiyası Ukraynaya makromaliyyə yardımı çərçivəsində 1,5 milyard dollar həcmində növbəti tranş ayırıb.
AZƏRTAC xəbər verir ki, bu ödəniş Ukrayna üçün nəzərdə tutulan 18 milyard dollarlıq makromaliyyə yardımı paketi çərçivəsində həyata keçirilib.
2022-ci ilin dekabrında Avropa İttifaqı Şurası Ukraynaya 2023-cü il üçün 18 milyard avro həcmində makromaliyyə yardımı ayırmaq barədə qərar qəbul edib. Həmin vəsait 10 illik imtiyazla verilir. Ukrayna krediti 2033-cü ildən başlayaraq 35 il ərzində ödəyəcək. Kiyev cari ilin yanvarında 3 milyard avroluq ilk tranşı alıb. Növbəti ödənişlər martdan başlayaraq ayda 1,5 milyard avroluq hissələrə bölünüb.
Ukrayna həmin vəsaitlərin köməyi ilə əməkhaqlarını, pensiyaları ödəməyə davam edəcək, əsas ictimai müəssisələrin, o cümlədən xəstəxana və məktəblərin fəaliyyətini dəstəkləyəcək. Bundan başqa, Avropa İttifaqının yardımı ölkəyə müharibə zamanı zərər çəkən infrastrukturu bərpa etmək və makroiqtisadi sabitliyi qorumaq imkanı verəcək.

Dünya 2023-05-23 17:15:00