×
A
A
A
Sazlamalar

“Yükdaşıma xidməti” fəaliyyəti ilə məşğul olan rezidentin vasitəçilik missiyası vergiyə cəlb edilirmi?

Bakı, 22 may, AZƏRTAC

“Yükdaşıma xidməti” fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının rezidenti yüklərin daşınmasını digər şəxslər vasitəsilə həyata keçirir. Daşınan mallar heç bir halda Azərbaycan Respublikası ərazisindən keçmir. Bu qaydada daşımalar üzrə vasitəçiliyin həyata keçirilməsi ƏDV-yə cəlb edilirmi?
AZƏRTAC xəbər verir ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən, yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması beynəlxalq daşıma hesab olunur.
Yüklərin Azərbaycan Respublikasının ərazisinə daxil olmadan bir dövlətdən digər dövlətə daşındığı halda müvafiq xidmətlərin göstərilməsindən əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.
Vergi Məcəlləsinə görə, göstərilən xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.

Maliyyə 2023-05-22 17:18:00