×
A
A
A
Sazlamalar

Moskvada Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

Moskva, 19 may, AZƏRTAC

Ermənistan ilə Azərbaycan arasında əlaqələrin normallaşdırılmasında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli razılaşmalar əhəmiyyətli rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Moskvada keçirilən görüşdə söyləyib.
Sergey Lavrov bu sənədlərin sülh müqaviləsinin imzalanmasında, regionda bütün kommunikasiyaların açılmasında və sərhədlərin delimitasiya və demarkasiyasında mühüm rol oynadığını bildirib.
Rusiya xarici siyasət idarəsinin rəhbəri ölkəsinin Cənubi Qafqazda ciddi maraqlarının olduğunu vurğulayıb. “Çalışacağıq ki, bugünkü tədbirlər faydalı olsun və konkret nəticələr əldə edilsin”, - deyə S.Lavrov bildirib.
Nazir, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın Avrasiya İqtisadi Şurasının mayın 25-də Moskvada keçiriləcək sessiyasında iştirak edəcəyinə ümid bəslədiyini söyləyib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2023-05-19 14:43:00