×
A
A
A
Sazlamalar

Yaponiyada “Böyük yeddilər” qrupunun Zirvə görüşü başlayıb

Pekin, 19 may, AZƏRTAC
Yaponiyanın Hiroşima şəhərindəki Sülh xatirə muzeyində “Böyük yeddilər” (G7) qrupuna daxil olan ölkələrin liderlərinin Zirvə görüşü başlayıb.
AZƏRTAC xəbər verir ki, İkinci Dünya müharibəsi vaxtı Birləşmiş Ştatların nüvə silahı atdığı Hiroşima şəhərində keçirilən Zirvə görüşünə Yaponiyanın Baş naziri Fumio Kişida sədrlik edir. Üçgünlük toplantının gündəminin əsas mövzularından biri Rusiya-Ukrayna müharibəsi, Hind-Sakit okean regionunda vəziyyət, Çinin bu bölgədə fəaliyyəti, qiymət artımlarının dünya iqtisadiyyatına təsiri, təchizat zəncirinin şaxələndirilməsidir. Liderlər dünya iqtisadiyyatı, təchizat zəncirinin şaxələndirilməsi məsələlərini də müzakirə edəcəklər. Zirvə görüşünün sonunda birgə bəyanatın qəbul edilməsi gözlənilir. Ümumiyyətlə, tədbirdə müzakirə edilən və razılaşma əldə olunan məsələlər barədə tədbirin yekununda açıqlama veriləcək.
Yaponiya mediası yazır ki, tədbirin tarixdə ilk dəfə atom bombası hücumuna məruz qalmış Hiroşimada keçirilməsinin rəmzi mənası var. Baş nazir Fumio Kişidanın dünyaya nüvə silahının ləğvi üçün daha çox səy göstərmək lazım olduğuna dair mesaj verəcəyi gözlənilir.
Bəzi media orqanları Ukrayna Prezidenti Volodomir Zelenskinin Hiroşima Zirvə görüşündə iştirak edəcəyi barədə məlumatlar yayıb. Bundan əvvəl V.Zelenskinin sammitə onlayn formatda qoşulacağı açıqlanmışdı.
Sammit çərçivəsində ikitərəfli görüşlərin, habelə ABŞ Prezidenti Cozef Baydenin, Yaponiyanın Baş naziri Fumio Kişidanın və tədbirə qonaq qismində dəvət olunan Cənubi Koreya Prezidenti Yun Sok Yolun üçtərəfli görüşü də nəzərdə tutulub.
Hiroşimada G7 Zirvə toplantısı ilə əlaqədar fövqəladə təhlükəsizlik tədbirləri həyata keçirilir. Təhlükəsizlik tədbirlərinə 24 min nəfər cəlb edilib. Bəzi küçələrdə hərəkət bağlanıb, 140 orta məktəbdə tədris, tanınmış avtomobil istehsalçısı olan “Mazda”nın zavodu da daxil olmaqla, istehsal müəssisələrində iş bir neçə günlüyə dayandırılıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə mühərrikli təyyarədaşıyan gəmisi “Nimitz” G7 Sammiti zamanı Yaponiya limanında olacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-05-19 11:50:00