×
A
A
A
Sazlamalar

OPEC Çinlə dialoqa böyük əhəmiyyət verir

Bakı, 19 may, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al Qais rəhbərlik etdiyi təşkilatın Çin ilə dialoq tərəfdaşlığına böyük əhəmiyyət verdiyini və onu gücləndirmək əzmində olduğunu vurğulayıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, baş katib tərəflərin əməkdaşlıq üçün balanslaşdırılmış, praqmatik çərçivə yaratdığını və ümumi maraq kəsb edən enerji məsələləri üzrə bütün səviyyələrdə davamlı fikir mübadiləsi apardığını bildirib.
Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən OPEC-Çin Enerji Dialoqunun altıncı Yüksək səviyyəli iclasında çıxış edən baş katib təşkilata üzv olmayan 10 hasilatçı ölkə ilə birlikdə davam edən fəaliyyətlər barədə ümumi məlumat verib. O bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” istehsalçılara və istehlakçı dövlətlərə fayda verən neft bazarının davamlı sabitliyini dəstəkləmək üçün mühüm sənəddir.
Çinin Milli Enerji Administrasiyasının inzibatçısı Janq Xianhua çıxışında Çin və OPEC-in mühüm strateji tərəfdaşlar olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2005-ci ildə iki tərəf arasında dialoq mexanizmi yaradılandan bəri dəyirmi masa görüşləri və yüksək səviyyəli dialoqlar keçirilib. “Hər iki tərəf qlobal neft bazarının sabitliyinin birgə qorunmasına, eləcə də Çin və OPEC-ə üzv ölkələr arasında neft ticarətinin konsolidasiyasına və genişləndirilməsinə kömək etməkdə müsbət nəticələr əldə edib ki, bunların hər ikisi ortaq maraq doğurur”, -deyə Çin rəsmisi qeyd edib.
Çinin Vyanadakı BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Li Sonq videoçarx vasitəsilə çıxışında OPEC və onun ölkəsi arasında qlobal iqtisadiyyata və enerji təhlükəsizliyinə müsbət töhfə verən sabit əməkdaşlığı və uzunmüddətli kommunikasiyanı yüksək qiymətləndirib. Səfir Çinin yeni inkişaf mərhələsinin OPEC-ə üzv ölkələr üçün bazara çıxış, enerji keçidi və ortaq rifah baxımından imkanlar açacağını deyib.
Hər iki tərəfdən ekspertlər neft bazarının qısa, orta və uzunmüddətli perspektivləri və davam edən “Əməkdaşlıq Bəyannaməsi” prosesi, dayanıqlı inkişaf, enerji keçidi perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular üzrə fikir mübadiləsi aparıblar. Onlar informasiya, texnoloji mübadilə və enerji keçidi ilə bağlı məsələlərin həlli sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

 

Neft - qaz 2023-05-19 12:04:00