×
A
A
A
Sazlamalar

Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

Bakı, 18 may, AZƏRTAC

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində mayın 18-də YAP Quba rayon təşkilatı Quba şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, müdrik dövlət xadiminin əziz xatirəsini dərin ehtiramla anıblar.
Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri misilsizdir. Onun Azərbaycana rəhbərliyinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir.
Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev diqqəti Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasına yönəldib. Bildirib ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirib, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarıb.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolu zaman, məkan anlayışına sığmır. Ümummilli Lider xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Heydər Əliyevin müstəqillik dövründə ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, Azərbaycanın və Türk dünyasının dahi oğlu Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir.
Digər çıxış edənlər Ümummilli Liderin xidmətlərinin ölçüyəgəlməz olduğunu söyləyiblər. Bildirilib ki, Azərbaycan bu gün də dahi şəxsiyyətin müəllifi olduğu yeni inkişaf strategiyasının uğurlarını yaşayır.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.
Tədbirə bədii hissə ilə yekun vurulub.

Regionlar 2023-05-18 21:46:00