×
A
A
A
Sazlamalar

Bavariyada canavarların güllələnməsi ilə bağlı qanun mübahisələrə səbəb olub

Berlin, 15 may, AZƏRTAC

Almaniyanın Bavariya Federal əyalətində dərhal ekoloqların diqqətini cəlb edən və cəmiyyətdə polemikaya səbəb olan ziddiyyətli qanun qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, cari il mayın 1-dən etibarən bu əyalətdə qüvvədə olan qanunun müddəalarına görə, Bavariya ərazisində o qədər də çox populyasiyası olmayan canavarları otyeyən heyvanlara (iribuynuzlu və xırdabuynuzlu mal-qaraya, ev donuzlarına və s.) hücum edəcəyi təqdirdə güllələnmə gözləyir. Təbiəti mühafizə orqanları bu tədbirin Avropa İttifaqının növlərin qorunması tələbləri ilə kökündən ziddiyyət təşkil etdiyini bildirib və bundan narahatlıqlarını ifadə ediblər.
Ekoloqlardan ibarət qrupun hazırladığı və landstaqa (əyalət parlamenti) hesabatda təbiətin mühafizəsinə dair Federal Qanuna münasibətdə hüquqi şübhələr yer alıb. Qanunda canavarların hətta otlayan heyvanların məhv edilməsinə aidiyyəti olmadığı halda da öldürülməsi ilə bağlı dəqiq müddəanın olmaması da ciddi tənqidə məruz qalıb. Digər tərəfdən, cəmiyyətdə də sözügedən qanunla bağlı ciddi şübhələr var. Belə ki, canavarlar hələ də Avropa və Almaniya qanunvericiliyi tərəfindən ciddi şəkildə qorunur.
Bununla yanaşı, Bavariya hökuməti canavarların mühafizəsi statusunu qəbul etmək istəmir və hesab edir ki, bu əyalətdə onların sayı həddindən artıq çoxdur. Lakin bu, həqiqətə uyğun deyil. Əyalət hökuməti vurğulayır ki, canavarlara qarşı sərt məhdudlaşdırıcı tədbirlər olmasa, heyvandarlıq təsərrüfatı ciddi təhlükəyə məruz qalacaq. Bu, həm də onunla bağlıdır ki, Alp dağlarında çəpərləmə kimi mühafizə tədbirləri mümkün deyil.
Amma qanunvericilər unudurlar ki, ov etmək bu yırtıcı heyvanların həyatda qarmasının yeganə vasitəsidir. Əgər onları inəkləri qorumaq üçün məhv etsələr, onda bu məğrur və yaraşıqlı heyvanın bütün populyasiyası yoxa çıxa bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2023-05-15 20:07:00