×
A
A
A
Sazlamalar

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bölgələrdə fəaliyyətini gücləndirir

Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) bölgələrdə fəaliyyətini gücləndirmək və Naxçıvanda nümayəndəliyini təsis etmək niyyətindədir.
AQC-dən AZƏRTAC-a bildirilib ki, bu barədə qurumun sədri Vüqar Oruc Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşdə deyib.
“Ölkəmizdə qiymətləndiricilərin yeganə assosiativ təşkilatı olaraq regionlarımızda peşəkar qiymətləndiricilərin yetişməsi, tədris və sertifikasiya fəaliyyəti, vahid məlumat bazasının yaradılması istiqamətində fəaliyyətimizi gücləndirmək istəyirik. Ümidvarıq ki, keçid dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti üçün münbit şərait yaradılacaq”, – deyə AQC sədri vurğulayıb.
Muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyətini yaxından izlədiklərini, qurumun Naxçıvanda fəaliyyət göstərməsində maraqlı olduqlarını diqqətə çatdırıb. Nazirin sözlərinə görə, Naxçıvan MR-in yeni rəhbərliyi muxtar respublikada sağlam rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyatın dinamik inkişafı üçün çalışır və bu istiqamətdə bütün biznes subyektləri ilə əməkdaşlığa hazırdır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəboyu həyata keçirilən institusional və kompleks islahatlar Naxçıvanda da uğurla icra edilir. Qarşımıza qoyulan məqsədlərə nail olmaq, muxtar respublikanı müasir dövrün tələblərinə uyğun olaraq inkişaf etdirmək üçün səylərimiz davam edəcək. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti də maraq dairəmizdədir və AQC-nin burada fəaliyyəti üçün bütün imkanları yaratmağa hazırıq”.
Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəmizdə qiymətləndiricilərin yeganə peşəkar birliyidir və 60 qiymətləndirmə şirkətini ətrafında birləşdirir. 1999-cu ildə təsis edilən cəmiyyət Azərbaycan qiymətləndiriciləri ilə beynəlxalq qiymətləndirmə təsisatları arasında əməkdaşlığı təmin edən, ölkədə qiymətləricilərin sertifikasiyasını aparan yeganə qurumdur.

Regionlar 2023-05-15 18:08:00