×
A
A
A
Sazlamalar

Emmanuel Makron Kiyevə onlarla zirehli texnika vəd edib

Bakı, 15 may, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ordusunun bir neçə taboruna təlim keçməyə, onlara müvafiq silah və zirehli texnika verməyə hazır olduğunu deyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin Fransaya səfərinin nəticələrinə dair birgə bəyanatda bildirilir.
“Fransa yaxın həftələrdə Ukrayna Silahlı Qüvvələrinin bir neçə taboruna təlim keçəcək, onları müvafiq zirehli texnika və yüngül tanklarla təchiz edəcək”, - deyə bəyanatda qeyd olunur.
Sənəddə, həmçinin vurğulanır ki, Paris diqqətini Ukraynanın hava hücumundan müdafiə potensialını gücləndirmək cəhdlərinə yönəldəcək. Ukrayna və Fransanın dövlət başçıları, həmçinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırış ediblər.
Prezident Volodimir Zelenski bundan əvvəl Berlinə səfər edərək Almaniya Kansleri Olaf Şoltsla görüşüb. Görüş əsnasında Almaniya hakimiyyətinin Kiyevə 2,7 milyard avro həcmində hərbi yardım paketinin veriləcəyi təsdiqlənib.
Ukraynanın dövlət başçısı şənbə günü Romada İtaliyanın Baş naziri Corca Meloni ilə görüşərək Kiyevə dəstəyinə görə ona təşəkkürünü bildirib.

Dünya 2023-05-15 11:49:00