×
A
A
A
Sazlamalar

Keniyada bir keşişin aclıq ayini 179 nəfərin ölümünə səbəb olub

Bakı, 13 may, AZƏRTAC

Keniya polisi bir keşişin yaratdığı təriqətdə guya İsa Peyğəmbərə qovuşmaq üçün icra edilən aclıq ayininin qurbanı olmuş 179 nəfərin cəsədini aşkar edib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Şakahola” adlanan bu əcaib ayin zamanı həyatını itirənlərin qalıqları eyniadlı kilsənin keşişi Pol Makkenziyə aid 12 qəbirdən çıxarılıb.
Keniya polis departamentinin Sahil bölgəsi üzrə regional komissarı Rhoda Onyança mətbuat konfransında qeyd edib ki, yerli sakinlər itkin düşmüş qohumları ilə bağlı çoxlu müraciətlər ediblər. Ümumilikdə, indiyədək 609 nəfərin itkin düşdüyü bildirilir. Bundan başqa, Malindi əyalətində yerləşən kilsənin yaxınlığında daha çox cəsədin olduğu bildirilir.
Cəsədlərin eksqumasiyası pis hava şəraiti səbəbindən dayandırılıb, lakin bir neçə gündən sonra bərpa ediləcək. Keçən ay başlayan araşdırma nəticəsində qurbanlardan bəzilərinin orqanlarının əskik olduğu da üzə çıxıb və bu da insan orqanı alveri şübhələrinə səbəb olub.
Keniyanın daxili işlər naziri Kithure Kindiki kütləvi məzarlıqların çox olduğunu bildirib və bu ölümləri mütəşəkkil cinayət kimi qiymətləndirib.

 

Dünya 2023-05-13 11:37:00