×
A
A
A
Sazlamalar

Aİ üzv ölkələrin ilk ortaq qaz tədarükü tenderinə start verib

Bakı, 12 may, AZƏRTAC

Avropa İttifaqı üzv ölkələrin ortaq qaz tədarükü mexanizmi çərçivəsində ilk tenderinə start verib. AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, indiyədək qaz tədarükü mexanizminə 107 şirkət qoşulub.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maros Sefkoviç bununla bağlı Brüsseldə enerji şirkətlərinin rəhbərləri ilə birlikdə mətbuat konfransı təşkil edib. O jurnalistlərin sualına cavabında deyib: “Bu gün Avropa Komissiyasının Aİ Enerji Platforması çərçivəsində ortaq qaz tədarükü ilə bağlı ilk beynəlxalq tenderinə start verilməsindən məmnunluq hissi duyuruq. Biz bu yolla enerji təhlükəsizliyini gücləndirməyi və qazın qiymətlərinin artması ilə mübarizə aparmağı nəzərdə tuturuq”. Sefkoviç əlavə edib ki, qurulan ortaq qaz tədarükü mexanizmi enerji şirkətləri üçün də cəzbedicidir və indiyədək bu təşəbbüsə 107 kompaniya qoşulub.
İlk tenderdə Avropanın 77 şirkətinin 2024-cü ilin mayınadək 11,6 milyard kubmetr qaz tədarükü üçün müraciət etdiyini diqqətə çatdıran vitse-prezident bildirib ki, bu miqdarın 2,8 milyard kubmetrini mayeləşdirilmiş təbii qaz (LNG) təşkil edir. Onun sözlərinə görə, tender mayın 15-dək davam edəcək. Sefkoviç digər etibarlı beynəlxalq tədarükçüləri də tenderdə iştirak etməyə dəvət edib.

Neft - qaz 2023-05-12 17:57:00