×
A
A
A
Sazlamalar

İƏT postpandemiya dövründə İslam dövlətlərinə maliyyə dəstəyinə böyük əhəmiyyət verir

Bakı, 12 may, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) postpandemiya dövründə təşkilata üzv dövlətlərə maliyyə dəstəyinə böyük əhəmiyyət verir. Bu kontekstdə İslam İnkişaf Bankı (IsDB) Qrupunun fəaliyyəti daha aktualdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İƏT-in Baş katibi Hissein Brahim Taha Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 48-ci İllik toplantısının açılış sessiyasındakı çıxışında söyləyib. O əlavə edib ki, müasir qlobal çağırışlar fonunda və İƏT-ə üzv dövlətlərin davamlı, dayanıqlı və inklüziv inkişafa nail olmaq istiqamətində səylərini dəstəkləməkdə IsDB Qrupu ilə daha sıx əməkdaşlıq üzrə yeni layihələr hazırlanıb həyata keçirilməlidir.
AZƏRTAC İƏT Baş katibliyinin mətbuat açıqlamasına istinadla xəbər verir ki, COVID-19-dan sonrakı bərpa mərhələsində üzv dövlətlərin fəaliyyətindən danışan Baş katib onların inklüziv və davamlı iqtisadi bərpasını təşviq etmək üçün zəruri olan adekvat sosial və fiziki infrastrukturun təmin edilməsinin zəruriliyini vurğulayıb. O, bu kontekstdə infrastruktur layihələrinin həyata keçirilməsində IsDB-nin dəstəyinin vacibliyini qeyd edib.
Baş katib, həmçinin İƏT-ə üzv dövlətlərin davamlı inkişafı və ərzaq təhlükəsizliyinin artırılması üçün kənd təsərrüfatına maliyyə dəstəyinin əhəmiyyətinə də toxunub. O, bununla əlaqədar olaraq İslam İnkişaf Bankının həmin dövlətlərdə ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məhsuldarlığının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslərini yüksək qiymətləndirib.
Qeyd edək ki, IsDB Qrupunun “Böhranları aradan qaldırmaq üçün tərəfdaşlıqlar” mövzusundakı 48-ci İllik toplantısında bu nəhəng maliyyə qurumunun inzibati, maliyyə və əməliyyat fəaliyyətinə baxılır. Bankın rəhbərliyi Səudiyyə Ərəbistanının maliyyə nazirinin iştirakı ilə, həmçinin IsDB-nin üzv dövlətlərinin üzləşdiyi inkişaf problemlərini və onların mümkün həlli yollarını müzakirə edir.

Maliyyə 2023-05-12 10:40:00