×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

İmişli, 11 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə şəkildə ümumrayon tədbiri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, YAP İmişli rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə əməkdaşları, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra Ulu Öndərin adına parkda rəsm sərgisinə baxış keçirilib, balacaların ifalarında musiqilər dinlənilib.
Tədbirin bədii hissəsi başlamazdan əvvəl Dövlət Himni səsləndirilib. Daha sonra çıxış edən icra başçısı qeyd edib ki, hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan Heydər Əliyev xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunub. Diqqətə çatdırılıb ki, Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb, eyni zamanda gələcək hədəflərimizi düzgün müəyyənləşdirib. Bir daha vurğulanıb ki, Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, daim hörmətlə anılacaq. Daha sonra Ulu Öndərin zəngin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə məşhur bəstəkarların Ulu Öndərə həsr etdikləri, dahi rəhbərin sevdiyi əsərlər, həmçinin vətənpərvərlik ruhunda mahnılar ifa edilib, xalq mahnıları, rəngarəng rəqs nömrələri təqdim edilib. Təqdim edilən musiqilər və rəqs nömrələri tamaşaçılarda xoş əhvali-ruhiyyə yaradıb. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Regionlar 2023-05-11 19:14:00