×
A
A
A
Sazlamalar

Müstəqil Azərbaycan Ulu Öndərin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir

 

Qəbələ, 11 may, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Qoruqdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin əvvəlində dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri qoruğun direktoru Zahir Kərimov açaraq, Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamın imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, dünyanın ən görkəmli siyasətçilərindən biri olub. Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Ümummilli Liderin yenidən hakimiyyətə gəlişi ilə ölkəmizdə əmin-amanlıq, sakitlik yaranıb, hərc-mərcliyə son qoyulub, Azərbaycanda quruculuq mərhələsi başlayıb.
Direktor vurğulayıb ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən qeyd etmək lazımdır ki, bu inkişaf xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndərin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi çoxşaxəli fəaliyyəti ilə zəngindir. Dahi rəhbərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Ulu Öndərin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müəyyənləşdirilən inkişaf konsepsiyası bütün çətinliklərin aradan qaldırılmasını şərtləndirib.
Qeyd olunub ki, bu gün Azərbaycana hansı sahədən diqqət yetirilsə, Ümummilli Liderin misilsiz xidmətlərinin silinməz izlərini görmək mümkündür. Bu xidmətlərin təməlində isə dövlətə, xalqa bağlılıq, Azərbaycanı daim zirvələrdə görmək istəyi dayanır.
“Heydər Əliyev İli” çərçivəsində qoruğun əməkdaşları tərəfindən ərazidə təmizlik işləri aparılıb, səliqə-sahman yaradılıb.

Regionlar 2023-05-11 17:31:00