×
A
A
A
Sazlamalar

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ölkəmizin şimal rayonlarında böyük coşqu ilə qeyd olunub

Xaçmaz, 11 may, Elxan Yusifli, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ölkəmizin şimal rayonlarında böyük coşqu ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə təşkil olunan konsert proqramları sakinlərin zövqünü oxşayıb.
Ümumrayon tədbirlərində çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründəki siyasi fəaliyyəti, misilsiz tarixi xidmətləri ilə bağlı ətraflı danışıblar. Qeyd olunub ki, müasir tariximizin çox vacib bir dövrü, həmçinin bugünkü həyatımız Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, dövlətçilik təfəkkürü, idarəetmə qabiliyyəti ilə müəyyən olunub. Heydər Əliyev tarixə Azərbaycan dövlətinin müstəqilliyinin dönməzliyini, milli varlığın, milli ideyanın və milli şüurun yaşamasını təmin edən, azərbaycançılığı dövlət ideologiyasına çevirən, istənilən vəziyyətdən öz ölkəsinin, xalqının, dövlətinin mənafeyinə yararlanmağı bacaran bir lider kimi düşüb.
Qeyd olunub ki, bu gün dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Ulu Öndər özündən sonra Azərbaycan dövlətini müstəqil, milli maraqlara və milli-mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasət həyata keçirməklə zirvələrə daşıyacaq lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərib. İkinci Qarabağ müharibəsində qazanılmış parlaq Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Eyni zamanda, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanətidir.
Vurğulanıb ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Rayon sakinlərinin böyük maraqla izlədiyi konsert proqramlarının hər birinə atəşfəşanlıqla yekun vurulub.

Regionlar 2023-05-11 16:54:00