×
A
A
A
Sazlamalar

Heydər Əliyevin misilsiz xidmətləri ölkəmizi möhkəm və qüdrətli bir dövlətə çevirib

Yardımlı, 11 may, İlkin Adıyev, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Yardımlı rayon Mədəniyyət Mərkəzində təntənəli rəsmi yığıncaq keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxaran müdrik Lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələr barədə geniş məruzə ilə çıxış edib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib. Onun əsasını qoyduğu müstəqil dövlətçilik siyasəti bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” sənədli film nümayiş olunub.
Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib.

Regionlar 2023-05-11 15:41:00