×
A
A
A
Sazlamalar

Müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir

Göyçay, 10 may, AZƏRTAC

Göyçay Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, İqtisad Universitetinin professoru İrşad Kərimli, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən fotosərgi ilə tanışlıq olub.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu daimi müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Əsrin adamı” adlı sənədli film nümayiş olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Göyçay şəhər mərkəzində konsert proqramı təşkil edilib. Konsert atəşfəşanlıqla yekunlaşıb.

Regionlar 2023-05-10 18:14:00