×
A
A
A
Sazlamalar

Beynəlxalq Enerji Agentliyi: Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac edəcək

Bakı, 8 may, AZƏRTAC

Cari ildə Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
AZƏRTAC Beynəlxalq Enerji Agentliyinə istinadla xəbər verir ki, 2022-ci və 2023-cü ilin ötən dövrü ərzində Trans-Adriatik Boru Kəməri (TAP) ilə Azərbaycandan qaz tədarükü əvvəlki illə müqayisədə 15 faiz artaraq 8 milyard kubmetr təşkil edib.
Azərbaycan Avropaya qaz tədarükünə 2020-ci il dekabrın 31-dən başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə kommersiya istismarı başlanandan sonra ümumilikdə, 22 milyard kubmetr qaz nəql olunub.
Azərbaycandan Avropaya əlavə qaz tədarükünü nəzərdə tutan “Həmrəylik halqası” təşəbbüsü digər ölkələr üçün də açıqdır. Bu barədə məlumat verən "Bulgartransgaz" şirkətinin direktoru Vladimir Malinov bildirib ki, Yunanıstanın “Həmrəylik halqası” təşəbbüsünə qoşulması region ölkələrinin əlavə olaraq təbii qaz ilə təmin edilməsinə imkan yaradacaq.
Qeyd edək ki, aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Anlaşma Memorandumu ötürmə sisteminin dörd operatoru və SOCAR arasında Azərbaycandan Avropaya əlavə həcmdə qaz tədarükü üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükləri Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın “Həmrəylik halqası” adlandırılan və yenilənmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək.

 

Neft - qaz 2023-05-08 11:55:00