×
A
A
A
Sazlamalar

Birinci rüb “Şahdəniz” üzrə fəaliyyətlərə 872 milyon dollar vəsait xərclənib

Bakı, 6 may, AZƏRTAC

Bu ilin birinci rübündə “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 678 milyon dollar əməliyyat xərcləri və təxminən 194 milyon dollar əsaslı xərclər çəkilib.
AZƏRTAC BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub.
Rüb ərzində “Şahdəniz” yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
İlin ilk üç ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil olunub.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 74 milyon (ildə təqribən 27 milyard) standart kubmetrdir.
Bu ilin birinci rübündə “Şahdəniz 2” layihəsi çərçivəsində aparılan işlər şərq-şimal cinahından dördüncü rübə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləyib.
Quraşdırma və sınaq işləri həm sualtı, həm də “Şahdəniz Bravo” platformasında üst modullarda davam edib. Layihə çərçivəsində qərb-cənub və şərq-şimal cinahlarında “İstiqlal” qazma qurğusunun gəlməsindən əvvəl yeni sualtı fontan armaturalarının quraşdırılması tamamlanıb və şərq-şimal cinahının hasilat axın xətlərinin sınaq işləri başlanılıb.
Birinci rübdə “Şahdəniz Alfa” platformasında quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“Şahdəniz 2” layihəsi çərçivəsində quyuların tamamlama işləri “İstiqlal” qazma qurğusu vasitəsilə davam edir.
Ümumilikdə, “Şahdəniz 2” çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.

Neft - qaz 2023-05-06 03:44:00