×
A
A
A
Sazlamalar

Azərbaycanda elm və təhsilin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 5 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransda Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatının nümayəndələri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə Təhsil sektorunun əməkdaşları, ölkənin müxtəlif ali təhsil müəssisələri və elmi tədqiqat institutlarının alimləri, MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Liderimizin və qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizin hərtərəfli inkişafı naminə misilsiz xidmətlər və titanik fəaliyyət göstərərək Azərbaycanın quruculuq salnaməsində əbədi iz qoyduğunu bildirib. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliğinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu qeyd edən rektor, bu baxımdan elmi konfransın önəmindən danışıb.
Ümummilli Liderin 100 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor, ümumilikdə konfransa 40 ali təhsil və elmi tədqiqat müəssisəsindən 210 məqalənin daxil olduğunu diqqətə çatdırıb. O, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Sonra rektor Ş.Bayramov konfransın plenar iclasında “Elm və təhsilin böyük himayədarı – Heydər Əliyev” mövzusunda məruzəsi ilə çıxışını davam etdirib. Məruzədə Azərbaycanda ictimai həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb, uzaqgörən və zəngin idarəçilik təcrübəsinə sahib dahi şəxsiyyətin müəllimlərə, alimlərə və gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.
“Heydər Əliyev - Yeni Azərbaycan Partiyasının banisidir” mövzusunda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ulu Öndərin liderliyi ilə yaranan siyasi partiyanın qısa müddət ərzində böyük etimad və nüfuz qazanaraq əsl ümumxalq partiyasına və bölgənin ən böyük siyasi qüvvəsinə çevrilməsindən danışıb.
“Ümummilli Liderin müəllimə verdiyi böyük qiymət” mövzusunda məruzə ilə çıxış edən Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova, müəllimin cəmiyyətdəki roluna Ulu Öndər tərəfindən hər zaman yüksək dəyər verildiyini bildirib.
Daha sonra konfrans 10 bölmə iclası ilə işini davam etdirib.
Konfrans “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium, forum və konqreslərin siyahısı”na əsasən təşkil olunub.

Regionlar 2023-05-05 21:25:00