×
A
A
A
Sazlamalar

BEA: 2023-cü ildə Çin və Hindistanda qaza tələbat artacaq, Avropada isə azalacaq

Bakı, 5 may, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, Asiya və Yaxın Şərqdə təbii qaza artan tələbat bu il digər regionlardakı azalmanı kompensasiya edəcək və bu, qlobal bazarı sabit saxlamağa imkan verəcək.
AZƏRTAC agentliyin saytına istinadla xəbər verir ki, BEA-nın qaz bazarı üzrə rüblük hesabatında Çinin istehlakının 6 faizdən çox artacağı proqnozlaşdırılır. Bu, bütövlükdə Asiyada olacaq təxminən 3 faizlik artımın əsasını təşkil edir.
Avropanın qabaqcıl iqtisadiyyatlarında tələbat 5 faiz azalacaq, çünki burada bərpa olunan enerji ümumi enerji istehsalının daha çox hissəsini əhatə edir. Ötən il Rusiyanın Ukraynadakı müharibəsi fonunda Avropaya boru kəmərləri ilə qaz axınının böyük bir hissəsinin kəsildiyi üçün qaz bazarlarında qiymətlər yüksəlmişdi. Avropa tələbatı azalmaq və boşluğu doldurmaq məqsədilə mayeləşdirilmiş təbii qazdan istifadə edərək sərt qışdan xilas ola bilib.
Bununla belə, Asiya ilə rəqabət, Rusiyadan axının azalma ehtimalı və potensial olaraq isti yay və ya soyuq qış da daxil olmaqla, tədarük riskləri hələ də qalır. BEA-nın məlumatında bildirilir: "Qlobal qaz təchizatı 2023-cü ildə yüksək olacaq və qlobal tarazlıq geniş spektrli qeyri-müəyyənliklərə məruz qalacaq. Asiyanın istehlakı və Çinin sənaye sektorunun postpandemiya dövründə bərpa olunması bazar üçün əsas hərəkətverici amil olacaq. BEA Çinin LNG idxalının bu il 15 faiz artacağını, lakin hələ də 2021-ci il səviyyəsindən aşağı olacağını gözləyir. Hindistanın qaz tələbatı 2022-ci ildə yüksələn qiymətlər fonunda aşağı olub, lakin bu il onun 4 faiz artacağı proqnozlaşdırılır.
Digər yerlərdə, o cümlədən Yaxın Şərqdə qaz istehlakının 2 faiz artacağı gözlənilir ki, bunun da böyük hissəsi İran və Səudiyyə Ərəbistanının payına düşəcək.
Şimali Amerikada istilik və elektrik istehsalında daha az yanacaq istifadə edildiyi üçün bu göstərici 2 faiz azalacaq. Ümumilikdə, qlobal tələbatın sabit qalacağı proqnozlaşdırılır.

Neft - qaz 2023-05-05 17:51:00