×
A
A
A
Sazlamalar

Birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 372 milyon dollar xərclənib

Bakı, 4 may, AZƏRTAC
Bu ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 372 milyon dollar əsaslı məsrəflər xərclənib.
AZƏRTAC BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən xəbər verir ki, rüb ərzində “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının dayaq bloku tikildiyi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınıb və AÇG yatağı sahəsində suyun 137 metr dərinliyində daimi yerinə quraşdırılıb. Artıq platformanın üst modullarını qəbul etməyə hazırdır.
Dayaq blokunun sualtı konstruksiyalarının və qovşaqlarının quraşdırılması işləri hazırda 94 faiz tamamlanıb.
ACE platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam edib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu işlərin cari ilin ikinci rübündə başa çatacağı gözlənilir.
Bütün istismar sınaqları bitdikdən sonra üst modullar STB-1 daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsində artıq öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.
Birinci rübdə, həmçinin sualtı izolyasiya konstruksiyası işə salınıb və boruların üst modullarda izolyasiyası işləri tamamlanıb. Dalğıc gəmisi mövcud 30 düymlük qovşağın birləşdirilməsini başa çatdırıb, “Sitadel” gəmisi isə izolyasiya konstruksiyasının istiqamətinin dəyişdirilməsinə başlayıb.
“Mərkəzi Azəri” platformasında ACE üçün nəzərdə tutulmuş telekommunikasiyaların modifikasiyası üzrə dənizdə tikinti işlərinə başlanılıb.
Rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 86 faiz tamamlanıb.

Neft - qaz 2023-05-04 14:58:00