×
A
A
A
Sazlamalar

İstilik energetikası sahəsində Avstriyanın və Avropa İttifaqının təcrübəsi öyrənilir

Bakı, 3 may, AZƏRTAC

Azərbaycanda istilik energetikası sahəsində islahatların optimallaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında beynəlxalq təcrübə öyrənilməklə sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində “EU4Energy” proqramının texniki yardımı ilə Avstriyanın və Avropa İttifaqının istilik energetikası sahəsində təcrübəsinin və istifadə edilən biznes modellərinin öyrənilməsi üzrə seminar iclas keçirilib.
“Azəristiliktəchizat” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Wien Energy” şirkətinin Korporativ İnkişaf üzrə rəhbəri Fabian Kesicki şirkətin fəaliyyəti, əməliyyat və biznes modeli, istilik enerjisinin istehsalı, paylanması və satışı barədə ətraflı məlumat verib.
Avstriya Enerji Tənzimləmə Agentliyinin (E-Control) Alternativ Enerji və Enerji Səmərəliliyi şöbəsinin direktoru Harald Proidl isə Avropa Birliyində mərkəzi istilik sisteminin inkişaf tarixi, tənzimlənmə çərçivəsi, infrastrukturu, əhatə dairəsi, enerji səmərəliliyi, istilik təchizatı sahəsində alternativ və bərpa olunan enerji resurslarından istifadə imkanları barədə geniş təqdimatla çıxış edib.
Müzakirələr “Azəristiliktəchizat” ASC-nin mütəxəssislərinin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.

Energetika 2023-05-03 17:56:00