×
A
A
A
Sazlamalar

Risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır - sığorta ödənişlərində artım trendi davam edir

Bakı, 3 may, Samirə Quliyeva, AZƏRTAC

1995-ci ildə Londonda Adam Smit Universitetində çıxışı zamanı, xalqımızın Ümummilli Lideri Heydər Əliyev sığorta barəsində demişdir: “Sığorta – Azərbaycan üçün nisbətən yeni və axıra qədər öyrənilməyən sahədir. Biz şübhəsiz ki, sığorta sistemini inkişaf etdirməliyik, lakin bu işi düzgün və peşəkarcasına yerinə yetirməliyik”.
Sığorta sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Özünün obyektiv qanunları olan bazarın mövcud olduğu yerdə mütləq risk vardır. Risk olan yerdə isə sığorta olmalıdır. Bazar münasibətlərinin yeni şəraitində sığorta sisteminin təşkili prinsiplərində köklü şəkildə dəyişiklik edilməsi, sığorta bazarının formalaşması, sığorta sistemində inhisarın aradan qaldırılması, əhali arasında sığorta xidmətlərinin genişlənməsi və onun keyfiyyətinin hərtərəfli yüksəlməsi mühüm rol oynayır.
Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Ölkəmizdə sığorta şirkətlərinin yaradılması və formalaşması prosesi son 25 ildə mürəkkəb mərhələlərdən keçmiş, zaman-zaman bazar tələblərinə cavab verməyən şirkətlərin bazarı tərk etməsi, digər şirkətlərin bazarda möhkəmlənmək cəhdləri göz önündə olmuşdur. Hazırda da bu təbii iqtisadi proses davam etməkdədir. Yeni növ koronavirus pandemiyasının pik mərhələsindən sonra 2021-ci ildə Azərbaycan iqtisadiyyatında bərpa prosesi başladı və ayrı-ayrı sahələrdə artımlar müşahidə olundu. Bunu, həmçinin ölkənin sığorta bazarında da görmək mümkündür. Sığorta şirkətləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq razılaşmaları əsasında iri sığorta risklərinin birgə idarəolunması, sığorta daxılları, daxili təkrarsığorta sisteminin genişləndirilməsi, qabaqcıl təcrübənin bölüşdürülməsi, birgə maarifləndirmə və s. istiqamətlərdə işlər görülür. Sığorta şirkətlərinə və ümumilikdə sığorta bazarına əlaqələndirmə, problemlərin müzakirəsi və həlli, beynəlxalq və yerli tədbirlərin keçirilməsi kimi məsələlərdə əhəmiyyətli dəstək olan ASA ölkəmizdə sığorta xidmətlərinə əlçatanlığın təmin olunması və sektorda elektronlaşmanın təkmilləşdirilməsi ilə bağlı növbəti addımlar atıb.

Sığorta yığımlarında rekord nəticə

Son illərdə maliyyə münasibətlərinin mühüm tərkib hissəsi olan sığorta sisteminə maraq xeyli artıb, ölkədə sığorta xidmətləri bazarının tənzimlənməsi və nəzarəti sahəsində dəyişikliklər edilib. Yerli sığorta bazarı 2021-ci ildə rekord böyümə ilə ümumi daxili məhsuldakı payını yüksəldib. 2022-ci il yerli sığorta bazarı üçün böyümə və inkişaf elementləri fonunda uğurlu və yaddaqalan oldu. 2021-ci ildə də sığorta sektorunda müsbət nəticələr qeydə alınıb. Belə ki, sığorta yığımları 16 faiz artımla 844 milyon manata çatıb. Bu, rekord nəticə idi. Çünki bilavasitə bunun sayəsində sığorta sektorunun ümumi daxili məhsuldakı payı 1 faizə yüksəlmişdi. Hələ ilin əvvəlindən bu nəticələrə əsaslanaraq, 2022-ci illə bağlı verilən proqnozlar da il ərzində özünü doğrultdu. Belə ki, ilin əvvəlindən yığımlarda ötən illərdən fərqli olaraq volatillik yox, davamlı böyümə qeydə alındı. Cari nəticələrə nəzər salsaq, Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlanmış ən son sığorta icmalına görə, yanvar-oktyabr aylarında sığorta yığımları 2021-ci ilin analoji dövrü ilə müqayisədə 92 milyon manat artaraq 797 milyon manat təşkil edib. Maraqlıdır ki, bu artımda icbari sığorta növləri ilə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayıb. Hesabat dövründə yığımlarında ciddi artım olan sığorta növləri sırasında həyatın yaşam sığortası (artım 104 milyon manat), tibbi sığorta (artım 8,3 milyon manat), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (artım 7,8 milyon manat), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (artım 6,1 milyon manat), kasko sığorta (artım 2,2 milyon), səfər sığortası (artım 1,8 milyon manat) və s. sığorta növlərini misal göstərə bilərik. Haqqında danışdığımız 10 aylıq sığorta icmalına görə, sığorta ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 42 milyon manat azalaraq 359 milyon manat olub. Bu da o deməkdir ki, sığortalı predmetlərdə hadisələrin sayı azalıb. Hadisələrin sayının azalması isə sığortalıların qarşısıalınma tədbirlərinə daha ciddi və daha məsuliyyətli riayət etməsi ilə bilavasitə bağlıdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanmış 2023-ci ilin yanvar-mart aylarını əhatə edən sığorta icmalında da görürük ki, ötən illərdə olduğu kimi, bu il də artım trendi davamlılığını təmin edib. 2023-cü ilin yanvar-mart aylarına olan hesabata görə, Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 346,91 milyon manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,2 faiz çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 102,29 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 67,1 faiz çoxdur. Üç ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 23,7 manat olub. Azərbaycanda sığorta ödənişləri də kəskin artıb. 2023-cü ilin yanvar-mart aylarında ölkənin sığorta bazarında 346 milyon 910 min manat sığorta haqqı toplanıb, 102 milyon 290 min manat sığorta haqqı ödənilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 88 milyon manat və ya 34 faiz artıb. Sığorta ödənişləri isə 41 milyon manat və ya 67 faiz artıb. Sığorta ödənişlərinin belə kəskin artımı könüllü sığortanın hesabına baş verib. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında könüllü sığortalar üzrə 78 milyon manat sığorta ödənişi olub, bu da 2022-ci ilin eyni dövründən 2 dəfə və ya 39 milyon manat artıqdır. Könüllü sığortada ödənişin belə kəskin artımı həyatın yaşam sığortasının hesabınadır. İlk 3 ayda həyatın yaşam sığortası üzrə 54,8 milyon manat ödəniş olub. Bu 2022-ci illə müqayisədə 38 milyon manat və ya 3,4 dəfə artıqdır. İcbari sığortalarda ödənişin artımı 1,7 milyon manat və ya 8 faiz olub. 2023-cü ilin yanvar-mart ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 192,7 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9 faiz və ya 145,3 milyon manat artıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadla bildiririk ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin birinci rübü ilə müqayisədə 15,9 faiz artaraq 753,2 milyon manat təşkil edib. Bu ilin üç ayında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 41,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çoxdur. Rüblük işsizlikdən sığorta daxilolmalarının 30,6 milyon manatı qeyri-büdcə təşkilatlarının hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 19 faiz çoxdur. Lakin, bütün bunlara baxmayaraq, ölkəmizdə sığorta sisteminin inkişafı səviyyəsini hələ də qənaətbəxş hesab etmək olmaz. Bu səviyyənin həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşməyə böyük ehtiyacı var. Bu baxımdan sığorta sisteminin təşkili məsələlərinin öyrənilməsi aktuallığı özünü çox kəskin formada ortaya qoyur.
Sığorta sahəsində risk əsaslı nəzarətə keçidlə bağlı hazırlanmış layihə çərçivəsində sığortaçıların öz vəsaitinin ölçülməsi, aktivlərin və öhdəliklərin qiymətləndirilməsi istiqamətində işlər aparılıb. Bununla yanaşı, 2022-ci il oktyabrın 18-də “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik layihəsi təsdiq edilib. Qeyd olunan dəyişiklik daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası növləri üzrə sığorta müqavilələrinin elektron sənəd formasında bağlanmasını əhatə edir.

Sığorta dövrün icbari reallığıdır

Günümüzün reallıqlarından biri də istənilən xidmət sahəsi ilə bağlı əhalidə və sahibkarlıq subyektlərində məlumatlılığın və maarifləndirmənin təmini prioritet istiqamət olmalıdır. Bu gün ölkə əhalisində sığortaya marağın artırılması ən vacib məsələlərdən biridir. Təəssüflə deməliyik ki, əhalinin sığorta ilə bağlı maarifləndirilməsi və sığorta savadlılığının artırılması istiqamətində görülən işlər qənaətbəxş deyil. Yüksək sığorta tarifləri, keyfiyyətsiz xidmət, sığorta müqavilələrinin aydın olmayan şərtləri, obyektiv şəkildə hesablanmayan zərər məbləği və s. kimi məqamlar əhalidə sığorta şirkətlərinə qarşı inamsızlıq yaradır ki, bu da sığortaya olan marağın azalmasına gətirib çıxarır. Eyni zamanda, əhali sığortanın bir çox növlərindən də xəbərsizdir. Bunun üçün də sığorta şirkətlərində müştəri ehtiyacları daim diqqət mərkəzində saxlanılmalı, əhali arasında maarifləndirmə tədbirləri gücləndirilməlidir.

Digər tərəfdən də, sığorta məhsullarına tələbatın azlığı əhalinin sığortaya məlumatsızlılığından irəli gəlir. Buna nümunə kimi icbari əmlak sığortasını göstərə bilərik. Yalnız son zamanlar iri ticarət obyektlərində, yaşayış binalarında baş verən yanğın hadisələri əmlakın sığortasına olan tələbatı aktuallaşdırıb. Ümidvericidir ki, son illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının bir sıra qurumlarla əməkdaşlığı çərçivəsində əhali arasında məlumatsızlığın aradan qaldırılması istiqamətində apardığı maarifləndirmə işləri öz bəhrəsini verməkdədir. Belə ki, Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ümumrespublika səviyyəsində təşkil olunmuş təbliğat və təşviqat layihəsini qeyd etmək istəyirəm. Maarifləndirmə tədbirlərinin təşkili həm təşviqat, həm də sektorial savadlılığın təmin olunması baxımından çox əhəmiyyətlidir. Bu istiqamətdə sığorta sahəsində də ciddi addımlar atılmaqdadır. Ölkə səviyyəsində sığorta maarifləndirməsi işlərinin aparılması üçün 3 illik konsepsiya müəyyənləşdirilib. 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Müvafiq sənədə əsasən, 2021-ci ildən etibarən memorandum tərəfləri ilə sığorta şirkətləri birlikdə ölkə ərazisində sığorta savadlılığının artırılması ilə bağlı layihənin icrasına başlayıb.
Ötən il ərzində ASA olaraq sektorda kadr potensialının formalaşdırılması və təlim-tədris prosesinin təşkili məqsədilə aparıcı ali təhsil ocaqları olan Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı əməkdaşlıqlar qurdu. Bu əməkdaşlıq sayəsində ölkədə ali təhsil səviyyəsində sığorta ilə bağlı sistemli təhsilin bərpasına nail olunacaq, yerli sığorta bazarında fəaliyyət göstərən peşəkar sığorta mütəxəssisləri də pedaqoji fəaliyyətə cəlb ediləcək. ASA, həmçinin sektordakı problemlərin həllinin sürətləndirilməsi və cari vəziyyətin əsaslı təhlili məqsədilə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə də əhalinin sığortaya əlçatanlığının təmin olunması istiqamətində geniş müzakirələr aparıb.
Bununla yanaşı, ASA sahibkarlarda sığorta vərdişlərinin formalaşdırılması və onların sığorta məlumatlılığının təmin olunması yönündə də ciddi addımlar atır. Bunun nəticəsi olaraq 2022-ci ilin dekabrında ASA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi arasında baş tutan görüşdə də hər iki qurum sahibkarların sığortaya cəlb edilməsi ilə bağlı birgə layihələrin icra olunması ilə bağlı razılığa gəldi. 2023-cü ildə KOBİA ilə birlikdə xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların sığortaya əlçatanlığının təmin olunması ilə bağlı müxtəlif genişmiqyaslı layihələr həyata keçirəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilib. 2021-ci ildə ölkə əhalisində risk fərqindəliyinin formalaşdırılması, risklərin tənzimlənməsində sığorta mexanizminin rolu istiqamətində geniş təbliğat tədbirləri keçirildi. Nəticədə sektorda böyümə trendi təmin olundu. Belə ki, bu layihənin ilk mərhələsinin uğurlu nəticəsi idi ki, yerli sığorta bazarı 2021-ci ili 16 faiz böyümə ilə başa vurdu və bununla da sığorta sektorunun ÜDM-dəki payı 1 faizə yüksəldi.

Sığorta sektorunda xidmətlər elektronlaşdırılır

Hər bir sahədə olduğu kimi, sığorta sektorunda da xidmətlərin elektronlaşması müasir dövrün başlıca çağırışlarındandır. Bu reallığa əsaslanaraq atılmış müvafiq addım da sığorta proseslərinin elektronlaşmasının təkmilləşdirilməsi ilə müştəri məmnuniyyətinin təmin olunmasına və sığorta xidmətlərinin inkişafına hesablanıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu tərəfindən ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görülüb. Həyata keçirilən mütərəqqi yeniliklərdən biri də məhz avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə bağlı oldu. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi yanvarın 21-dən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzləşmədən sığortalana biləcək. Belə ki, bildiyiniz kimi, cari il oktyabrın 1-dən etibarən adı çəkilən sığorta növü üzrə baza sığorta haqqı sabit qalmaqla risk əsaslı yeni əmsalların tətbiqinə başlandı. Bu yeniliklə ədalətlilik prinsipi təmin olundu və dövrün aktual riskləri mövcud reallığa uyğunlaşdırılmaqla qiymətləndirilməyə başlandı. Adıçəkilən növlə bağlı daha bir yenilik isə 2022-ci il noyabrın 1-də tətbiq olundu. Bu, zərərlərin birbaşa tənzimlənməsi mexanizmidir. Belə ki, noyabrın 1-dək tətbiq edilən qaydalara əsasən, hadisə nəticəsində zərər görmüş avtomobilin zərərini zərərvuran avtomobilin sığortalandığı şirkət qarşılayırdı. Amma noyabrın 1-dən etibarən tətbiq olunan zərərlərin birbaşa tənzimlənməsi mexanizmi ilə isə hadisə nəticəsində zərər görmüş avtomobilin sahibi artıq öz sığorta şirkətinə müraciət edib zərərini qarşılaya bilir. Hesab edirik ki, bu yenilik həm müştəri məmnuniyyətinin yüksəldilməsinə, həm də sığorta şirkətləri arasında rəqabətin canlanmasına səbəb oldu. Azərbaycan Sığortaçılar Assosiasiyasının dəstəkverici addımları sayəsində sektorda yeni inkişaf meyilləri formalaşır, bazar iştirakçılarının fəaliyyəti və xidmət keyfiyyəti beynəlxalq çağırışlara uyğunlaşdırılır.

Yerli sığorta bazarında dünya təcrübəsi

Müasir çağırışlar və daim yenilənən çağdaş meyillər fonunda beynəlxalq münasibətlərin formalaşdırılması və dünya təcrübəsindəki yeni trendlərin araşdırılıb öyrənilməsi inkişafa təkan verən başlıca drayverlərdəndir. Xüsusilə son illər yerli sığorta bazarının beynəlxalq əməkdaşlığa ciddi önəm verdiyi, qarşılıqlı münasibətlərin qurulduğu müşahidə olunur. Azərbaycanın sığorta bazarında son illər yaranmış canlanma və böyümə, rəqəmsal sığorta sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətini çəkib. Sığorta sektorunda beynəlxalq əməkdaşlığın sistemli şəkildə formalaşması prosesinə 2020-ci ildən start verilib. Sığortaçılar üçün prioritet istiqamət yeni inkişaf meyillərinin müəyyənləşdirilməsi üçün beynəlxalq trendlərin izlənilməsi və dünya təcrübəsinin mütəmadi olaraq öyrənilməsidir. Bu istiqamətdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyinin birgə təşəbbüsü və ortaq razılığı, eyni zamanda, təşkilatçılığı ilə 2022-ci ilin may ayında İstanbulda təşkil olunmuş Beynəlxalq Sığorta Konqresinin Zirvə toplantısında Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Qırğızıstanın sığorta birlikləri rəhbərlərinin iştirakı ilə dünyada ilk dəfə Türk Dünyası Sığorta Birliyi təsis edildi. ASA bu Birliyin Yol xəritəsini hazırladı və bu strateji fəaliyyət xəritəsi yeni yanaşmalara imkan yaratdı. Belə ki, Birliyə üzv ölkələrin başlıca məramı və istəyi Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının tərkib hissəsi kimi fəaliyyət göstərməsinin təmin edilməsi yönündədir. Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi birliyə üzv olan türkdilli dövlətlərin sığorta bazarları arasında əlaqələr qurmaq, kadr, təcrübə və məlumat mübadiləsi aparmaq, təkrarsığorta üzrə əməkdaşlıqları inkişaf etdirmək və ortaq sığorta hovuzunu təşkil etməkdən ibarətdir. Azərbaycan Sığortaçılar Assosiasiyası ilk dəfə olaraq nüfuzlu beynəlxalq sığorta təşkilatlarına - Sığorta Assosiasiyaları Qlobal Federasiyasına və “Insurance Europe” təşkilatına üzv seçilmişdi. Assosiasiya olaraq bu təşkilatların toplantılarında mütəmadi qaydada aktiv iştirak edir.

Sevindirici haldır ki, yerli sığorta bazarında müşahidə olunan müsbət tendensiyalar onu göstərir ki, vətəndaşların riskə və sığortaya olan yanaşmasındakı konspirativ meyillər tədricən aradan qalxır. Artıq ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edirlər ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır.
Sığortanın daha da inkişaf etməsi üçün sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta şirkətləri üzərində nəzarəti gücləndirməklə yanaşı, həm də sığorta etdirənlərə, o cümlədən, cəmiyyətə sığortanın mahiyyəti düzgün izah edilməli, sığorta müqaviləsi bağlayarkən nələrə diqqət etmələrinin lazım olduğunu və sığorta müqaviləsi bağlandıqdan sonra sığortaçının və sığortalının üzərində hansı hüquq və vəzifələrin qoyulduğunu bilməlidirlər.
Qeyd: Bu yazı “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunan müsabiqə üçün yazılıb.

Maliyyə 2023-05-03 15:03:00