×
A
A
A
Sazlamalar

Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir

Biləsuvar, 2 may, İlkin Adıyev, AZƏRTAC

Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, habelə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov vurğulayıb ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulmasından başlayaraq, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin xidmətləridir.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı, Ermənistan ordusu darmadağın edildi.
Konfransda Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digərləri çıxış edərək Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məlumat veriblər.
Vurğulanıb ki, müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlət quruculuğunun inkişafında müstəsna rolu və misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur, əziz xatirəsi ehtiramla anılır.

Regionlar 2023-05-02 23:36:00