×
A
A
A
Sazlamalar

Azərbaycan AİB-in 56-cı İllik Toplantısında təmsil olunur

Bakı, 1 may, AZƏRTAC

Cənubi Koreyanın İnçion şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısı keçirilir.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mayın 5-dək davam edəcək toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. “Asiyanın dirçəldilməsi: bərpa, yenidən əlaqə və islahat” mövzusunda keçirilən toplantı COVID-19 pandemiyasının yayılmasından sonra ilk dəfə əyani formatda baş tutur.
Üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 5 minə yaxın iştirakçının bir araya gəldiyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti və inkişafının əsas istiqamətləri, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, postpandemiya dövründə yaranan yeni iqtisadi çağırışların dəstəklənməsi, region ölkələrinin inklüziv inkişaf problemləri və digər qlobal xarakterli məsələlər müzakirə edilir.
1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir.

Maliyyə 2023-05-01 12:14:00