×
A
A
A
Sazlamalar

Dövlət Vergi Xidməti gömrük təmsilçiləri ilə logistika sahəsində aktual məsələləri müzakirə edib

Bakı, 27 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində əməkdaşlığı davam etdirir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, növbəti görüş DVX-nin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, İdxal-İxrac Əməliyyatları üzrə baş idarənin, “Azərbaycan Gömrük Təmsilçiləri və Logistika Şirkətlərinin Assosiasiyası” İctimai Birliyinin və gömrük təmsilçiliyi üzrə şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə gömrük təmsilçiliyi institutunun mahiyyəti, formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyəti haqqında məlumat verilib, ölkəmizdə logistika sahəsində fəaliyyətin təşkili istiqamətində görülən işlər, qanunvericilikdə yer alan məqamlar, sənədləşmə prosedurları, bu sahənin rəqabət qabiliyyətliliyinin artırılması, o cümlədən gömrük təmsilçiliyinin inkişafı üçün səmərəli mexanizmlərin yaradılması üzrə təşəbbüslər müzakirə edilib və onların həlli istiqamətində fikirlər səsləndirilib.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq izahatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Sahibkarların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib. Bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması, sistemli təkliflər paketinin hazırlanması, təhlillərin və təkliflərin vergi orqanlarına təqdim olunması qərara alınıb.

 

Maliyyə 2023-04-27 10:49:00