×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda Çernobıl əlilləri ilə görüş keçirilib

Bakı, 26 aprel, AZƏRTAC

Çernobıl faciəsinin 37-ci ildönümü ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib.
Rayon İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışıb, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Prezident İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğulayıb. O, həmçinin Çernobıl əlillərinin sosial durumunun yaxşılaşdırılması, onların statusunun müəyyənləşdirilməsi və sosial problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov Çernobıl əlillərinə göstərilən qayğıdan və onların problemlərinin həllində göstərilən köməkdən danışıblar.
Görüşdə çıxış edən Çernobıl əlilləri onları narahat edən məsələlərə aydınlıq gətiriblər.
Sonda rayonda yaşayan 50-dən çox aztəminatlı Çernobıl əlilinin ailələrinə ərzaq yardımı paylanılıb.

Sosial 2023-04-26 12:36:00